Mərkəzi Bankın sədri: "Təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz, istehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artıb"

Mərkəzi Bankın sədri: "Təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz, istehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artıb"
# 14 yanvar 2020 07:44 (UTC +04:00)

Ötən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıb.

APA xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

O qeyd edib ki, hazırda kreditləşmənin artdığı müşahidə olunur, ötən il kreditlər 16 faiz artıb, o cümlədən bütövlükdə biznes kreditləri: "Yəni təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artmışdır və bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır. Cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirildi. Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaqdır. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir".

Elman Rüstəmov bütövlükdə əmanətlərin də artdığını diqqətə çatıdırıb: "Manatla müddətli əmanətlər 27 faiz artmışdır. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur. Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artmışdır. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin imzaladığınız nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, - tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR