Musa Quliyev: “Daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək”

Musa Quliyev: “Daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək”
# 19 may 2020 16:06 (UTC +04:00)

“Bu ilin əvvəlində dövlət başçısı ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar verib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

O bildirib ki, dəyişikliklərin hamısı mütərəqqi xarakter daşıyır.

“Bu, vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir. Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla, ünvanlı sosial yardım almaq üçün müraciət oluna biləcək. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qalxmasına xidmət edəcək. Artıq daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”, - deyə deputat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR