SOCAR-ın Müşahidə Şurası yaradılıb

SOCAR-ın Müşahidə Şurası yaradılıb
# 23 yanvar 2021 16:08 (UTC +04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.

Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.

SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- SOCAR-ın yenidən təşkili və ləğvi;

- SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

-SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;

- SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

Müəyyən edilib ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

Azərbaycan İnvestisiya Holdinqi:

- SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli;

- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Fərmanda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti:

- SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR