Parlament seçkilərilə əlaqədar müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib

Parlament seçkilərilə əlaqədar müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib
  • Clock-gray 11:19
  • calendar-gray 18 Yanvar 2020

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar seçki hüquqlarının pozulmasına müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.

APA-nın məlumatına görə, seminarda MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın ekspert qrupunun üzvləri, Katibliyinin müvafiq əməkdaşları, region üzrə dairə seçki komissiyalarının (DSK)  ekspert qrupunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən MSK sədrinin müavini R.Qasımov deyib ki, MSK-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının əsas məqsədi DSK-lara daxil olmuş müraciətlərin dəqiq, operativ , qərəzsiz araşdırılması və məlumatların DSK-lara təqdim edilməsidir: “Həmin DSK-lar da bu rəylər əsasında özünün yekun qərarını verir. Biz hər zaman çalışırıq ki, seçkilər elə səviyyədə keçirilsin ki, bütün iştirakçılar bu prosesdən razı qalsın. Amma onu da nəzərə almaq lazımdır ki, seçkilər ümumilikdə emosional bir prosesdir. Seçkilərdə bir tərəf qalib gəlir. Ancaq digər tərəf seçicilərin səslərini toplaya bilmədiyi halda qalib gələ bilmir. Məhz bu məqsədlə də bəzən o emosional yükün çıxarılması üçün vətəndaşlar şikayətlər ünvanlamaqda görürlər. Vətəndaşlarımız həmin şikayətlərin dəqiq, qərəzsiz araşdırılmasının şahidi olur və özləri də bundan razı qalırlar. Son bələdiyyə seçkilərində də daxil olan müraciətlərin araşdırılması və operativ, dəqiq, qərəzsiz nəticələr, qərarlara nail olunması istiqamətində bir sıra addımlar atılıb. Məhz bu addımlar nəticəsində də bələdiyyə seçkilərinin nəticələri ilə bağlı təhlillər apararkən görürdük ki, ünvanlanan müraciətlərin sayı əvvəlkilərlə müqayisədə 2 dəfə aşağıya düşüb. Hazırda regionlarda - Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda təşkil olunan seminarlar, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi DSK-larının   375 ekspert qrupu üzvünü əhatə edir”.

R. Qasımov nəzərə çatdırıb ki, ötən dövr ərzində Milli Məclisə seçkilərlə əlaqədar  Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub: “Müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. MSK-nın qərarı nəticəsində DSK-ların qərarlarından şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər