Parlamentdə uşaqpulu məsələsi qaldırılıb

Parlamentdə uşaqpulu məsələsi qaldırılıb
# 25 dekabr 2020 11:52 (UTC +04:00)

“Kənd təsərrüfatına daha çox diqqət ayırmaq lazımdır. Bu şəhəri, insanları dolandıran əli qabarlı kəndlilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndlinin, o kasıbın balaları idi. O kasıbın balaları ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev bildirib.

R. Nurullayev deyib ki, kənd adamlarının iş qurması üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var. Deputatın sözlərinə görə, hazırda güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Onun fikrincə, elə tədbirlər görülməlidir ki, 2 min manatdan 10 min manata kimi güzəştli kredit əldə etmək mümkün olsun.

Millət vəkili qeyd edib ki, Prezidentin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də ölkənin tam olaraq qazlaşdırılmasıdır: “Bununla belə, ölkədə hələ də qazlaşdırılmayan kəndlər var. Etiraf edək ki, 21-ci əsrdə qazlaşma olmadan rahat həyat şəraiti qurmaq mümkün deyil. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən İmişlinin də 10 kəndindən şikayətlər daxil olur ki, hələ də qazlaşma aparılmayıb. İnsanlar etiraz edir, çünki neçə illərdir, onlara söz verilir, başlarının altına yastıq qoyulur, daha yastıqlar da bitib, tükənib. Mən bunu vətəndaşlarımıza qarşı ədalətsizlik hesab edirəm”.

R. Nurullayev uşaqpulu verilməsi məsələsinin də həllini tapmalı olduğunu vurğulayıb.

Spiker Sahibə Qafarova deyib ki, bir müddət əvvəl əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev uşaqpulu barədə danışıb: “Bu gün də Sahil Babayev buradadır, yəqin ki, uşaq pulu barədə məsələyə aydınlıq gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR