Prezident: “Bir çox halda yerli icra orqanları aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti mənimsəyirdi”

Prezident: “Bir çox halda yerli icra orqanları aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti mənimsəyirdi”
# 17 aprel 2020 19:10 (UTC +04:00)

“Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

Prezident bildirib ki, məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib: “Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik.

Özünüməşğulluq proqramına gəldikdə, biz keçən dəfə də bu məsələ ilə bağlı danışmışıq. Hesab edirəm ki, 12 min insanı bu il bu proqrama cəlb etməyimiz çox yaxşı rəqəmdir. Bizim təşəbbüsümüzlə həm Dünya Bankı bu proqrama qoşulub, həm də Azərbaycan bankları ilk dəfədir ki, bu proqrama qoşulur. Ümid edirəm, Azərbaycan bankları gələn il bu kateqoriyadan olan daha çox sayda insana kömək göstərəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR