Prezident: “Bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var”

Prezident: “Bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var”
# 07 yanvar 2021 14:27 (UTC +04:00)

“Bilirsiniz ki, bir müddət əvvəl su resurslarından səmərəli şəkildə istifadə etmək üçün xüsusi komissiya yaradılmışdır. Komissiya fəal işləyir və artıq bəzi nöqsanlar da üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması, hətta bizim ən böyük su anbarımız olan Mingəçevir anbarına daxil olan və oradan çıxan suların uçotunun olmaması. Yəni, tamamilə belə xoşagəlməz mənzərə mövcud idi”.

APA-nın xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.

Prezident bildirib ki, nöqsanların bir hissəsi qısa müddət ərzində aradan qaldırıldı: “Eyni zamanda, qanunsuz birləşdirmələr, bəlkə də yüzlərlə qanunsuz birləşdirmə mövcud idi. Ona görə bəzi sahələrə su həddindən artıq çox verilirdi, amma bəzi sahələrə su verilmirdi. Ona görə də fermerlər, kəndlilər haqlı olaraq öz narazılıqlarını bildirirdilər ki, onlara su çatmır. Yerlərdə inzibati resurslardan istifadə olunurdu, yerli icra orqanları özlərinə yaxın olan fermerlərə suyun verilməsini təmin edirdilər, ancaq başqa fermerlər problemlərlə üzləşirdilər. Xüsusilə nəzərə alsaq ki, keçən il və 2019-cu ildə quraqlıq olub və istisna edilmir ki, quraqlıq bu il də davam etsin”.

Dövlət başçısı qeyd edib ki, əlbəttə ki, bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var və mənfur düşmən bizi bu mənbələrdən məhrum etmişdi: “Bu ərazilərdə ən böyük çayımız olan Tərtər çayının mənbəyi Kəlbəcər rayonudur. Ancaq Tərtər çayının sularından biz məhrum idik. Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmışıq. Bunun da böyük maliyyə yükü var - həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb. Bizim digər çaylarımız oradan mənbə alır və o ərazidən keçir. Həkəri çayı, Bazarçay, Oxçuçay, Xaçınçay. Onların bir çoxu Araz çayına axır və çaylar boyu orada su anbarlarının tikilməsi nəzərə alınmalıdır”.

Prezident bildirib ki, bu ilin Dövlət İnvestisiya Proqramına və azad edilmiş torpaqlarda görüləcək işlərlə bağlı proqrama bu, mütləq salınmalıdır: “Hesab edirəm ki, bunların layihələndirilməsi və tikintisinə start verməliyik. Bir daha demək istəyirəm, orada onsuz da, torpaqlar çox münbitdir. Amma su veriləndən sonra məhsuldarlıq daha da artacaq və biz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə özümüz həll edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR