Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
  • Clock-gray 17:10
  • calendar-gray 05 Yanvar 2021

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. 

APA-nın xəbərinə görə, təbrikdə deyilir: 

"Hörmətli həmvətənlər!

Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan ölkəmizdə mütərəqqi milli-tarixi ənənələrin, etnik-mədəni müxtəlifliyin, multikultural dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

2020-ci il uzun müddət davam edən Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin zəfər çalması ilə əlamətdar olmuşdur. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, o cümlədən etno-mədəni zənginliyi ilə seçilən cəmiyyətimizdə özünəməxsus yeri olan xristian inanclı həmvətənlərimiz torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq nümunələri göstərmiş, eyni zamanda, erməni faşizmi ilə informasiya cəbhəsində və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində yüksək fəallıqla mübarizə aparmışlar. Ölkəmizdə yaşayan bütün xalqların müqəddəs Vətən müharibəsində nümayiş etdirdiyi birlik və bərabərliyi, sarsılmaz milli-mənəvi həmrəyliyi tarixi qələbəmizi şərtləndirən başlıca amil kimi qiymətləndirirəm.

Əminəm ki, pravoslav xristian icması ümumi evimiz olan Azərbaycanın tərəqqisi və daha da güclənməsi naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir.

Əziz həmvətənlər!

Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!". 

apa-logo-mini

Digər xəbərlər