Prezident İlham Əliyev: "Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq"

Prezident İlham Əliyev: "Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq"
# 27 fevral 2021 02:39 (UTC +04:00)

“İnvestisiya holdinqinə gəlincə, mən çox danışmayacağam, fikrimcə, onun nə üçün yaradıldığını hamı bilir və mənim Fərmanımda bu barədə dəqiq göstərilib. İlk növbədə, idarəçilik sistemini təkmilləşdirməkdən ötrü. Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır: “Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəçilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan layihələrə sərmayə yatırmayacaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəçiliyini beynəlxalq normalara uyğun şəklə salmaq, lazımi nəzarəti təmin etməkdir. Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, israfçılıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR