Prezident İlham Əliyev: "Maksimim gələn ilin sonuna qədər Azərbaycanda 27 "ASAN xidmət" mərkəzi olacaq"

Prezident İlham Əliyev: "Maksimim gələn ilin sonuna qədər Azərbaycanda 27 "ASAN xidmət" mərkəzi olacaq"
# 30 iyul 2020 21:57 (UTC +04:00)

“Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem suvarma ilə bağlıdır. İki ildir ki, quraqlıq bizə çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaşdırılması ilə məşğuldur və bu vacib sahəni “ASAN xidmət”ə həvalə ediblər.”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün təqdimat zamanı ona məlumat verilib ki, artıq qısa müddət ərzində, - komissiya aprelin 15-də yaradılıb, - elektron su təsərrüfatı sistemi hazırdır: “Biz buna nəyin hesabına nail olmuşuq? Məhz intellektual potensialın hesabına. “ASAN xidmət” mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir.

Təbii ki, biz “ASAN xidmət” konsepsiyasını işləyəndə, ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı aradan qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul yaradaq ki, xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün “ASAN xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir”.

Azərbaycan Prezidentinin sözlərinə görə, təsadüfi deyil ki, bu gün bizim üçün ən vacib məsələlərdən biri olan içməli su və suvarma ilə bağlı problemlərin vacib hissəsi artıq “ASAN xidmət” tərəfindən tənzimlənir.

“O ki qaldı, “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinə, bu da planlı şəkildə həyata keçirilir. Bu mərkəz sayca 20-cidir. Hazırda yeddi mərkəzin tikintisi davam edir. Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmət” mərkəzi olacaqdır. Sirr deyil ki, bu, ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik idi. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə çox problemli sahə olubdur. Həm pozuntular olub, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürülürdü. Ona görə ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin işçilərini xüsusi qeyd edib: “Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin simasıdır. Azərbaycan gəncləri məhz belə olmalıdır - bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan insanlar olmalıdır. “ASAN xidmət”in ordusu artıq kifayət qədər böyükdür. Minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar, o cümlədən könüllülər. Bizdə, əslində, könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır. O vaxta qədər könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda artıq minlərlə könüllü fəaliyyət göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə onlar mühüm rol oynayırlar. Böyük, mötəbər idman yarışlarında könüllülər fəal iştirak ediblər. Misal üçün, Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər. Bir neçə il bundan əvvəl bu zonada - Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ baş vermişdir. Onu da bildirməliyəm ki, dövlət xətti ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə könüllülər yox idi ki, vətəndaşlara xidmət göstərsinlər. Şamaxıda zəlzələ baş verən kimi, ilk növbədə, könüllülər oraya gəldilər, vətəndaşlara əl tutdular, əlbəttə ki, dövlət dəstəyi də göstərildi. Ona görə “ASAN xidmət”in bir çox müsbət əlamətləri var. Ölkəmizin imici üçün bu mərkəzlərin fəaliyyəti çox önəmlidir. “ASAN xidmət” beynəlxalq müstəviyə çıxıb, BMT tərəfindən mükafatla təltif edilib”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bir neçə ölkə bu təcrübəni bizdən öyrənib və artıq bəzi ölkələrdə “ASAN xidmət” adı altında oxşar xidmətlər göstərilir: “Bu, bizim intellektual məhsulumuzdur, milli brendimizdir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir. Əgər avtobusları əlavə etsək, onda artıq hər bir yerdə “ASAN xidmət” var. Amma əlbəttə ki, növbəti illərdə yeni mərkəzlərin yaradılması da nəzərdə tutulur”.

“ASAN xidmət” artıq bir neçə ildir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünki bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılanda əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keçdikcə və əgər müştərilərin sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti aşağı düşür. “ASAN xidmət” isə yüksək səviyyəni saxlayır. Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim “ASAN xidmət”i bəyənməyə bilər? Yəqin ki, elələri də var. Ancaq mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiyalar, eyni zamanda, insan kapitalına qoyulan investisiyalar özünü büruzə verir. Çünki bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR