Prezident İlham Əliyev: "Heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz"

Prezident İlham Əliyev: "Heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz"
  • Clock-gray 06:58
  • calendar-gray 14 Yanvar 2020

Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı bildirib ki, təkcə Türkiyə ilə ölkəmizin ticarət dövriyyəsi keçən il 4 milyard dollara çatıb: "Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir".

Prezident İlham Əliyev Rusiya sərhədinə gedən yolun böyük hissəsinin bu il tamamlanmalı olduğunu da diqqətə çatdırıb: "Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date