Prezident: “Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik”

Prezident: “Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik”
  • Clock-gray 14:38
  • calendar-gray 07 Yanvar 2021

“Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istərdim. Çünki bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir”.

APA-nın xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib. 

Prezident bildirib ki, əgər azad edilmiş torpaqları istisna etsək, indi qazlaşdırma səviyyəsi 96 faizə çatıb: “Elektrik enerjisi ilə heç bir problem yoxdur, əksinə, mən Davos Forumunun hesabatını Azərbaycan xalqının diqqətinə çatdırdım, biz burada ikinci yerdəyik”.

Dövlət başçısı qeyd edib ki, avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir: “Dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə gedir və demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, birinci layihə Şuşa şəhərinə yol layihəsidir: “Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik”.

Dövlət başçısı deyib ki, noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq: “Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək”.

 

apa-logo-mini

Digər xəbərlər