Prezidentə məktublar: “Sizin "Biz birlikdə güclüyük!" şüarınız xalqımızın birliyinə sanki yeni parlaq çalarlar gətirdi”

Prezidentə məktublar: “Sizin "Biz birlikdə güclüyük!" şüarınız xalqımızın birliyinə sanki yeni parlaq çalarlar gətirdi”
# 01 iyul 2020 18:28 (UTC +04:00)

Vətəndaşlardan Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməyə davam edir.

APA məktublardan bəzilərini təqdim edir:

“Hörmətli cənab Prezident.

Mənim oğlum Həsənov Niyaməddin hazırda Şirvan şəhərində hərbi xidmətdədir. Yeri düşəndə ona baş çəkirəm. Bakı şəhərində keçirilən hərbi andiçmə mərasimində də iştirak etmişəm. Qeyd etməyi özümə borc bilirəm ki, hərbi hissələrdə gördüklərimdən çox məmnun qalmışam. Əsgərlər üçün yaradılan yüksək şərait, onların təlim-tərbiyəsinə, sağlamlığına və qidalanmasına böyük diqqət göstərilməsi bir Qarabağ müharibəsi veteranı kimi mənə çox xoş təsir bağışlayır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yaratdığı möhkəm nizam-intizam Sizin sayənizdə bu gün də mövcuddur.

Cənab Prezident, ona görə də, bu gün biz əsgər atalarının Sizə və dövlətimizə olan məhəbbəti yüksəkdir. Əminəm ki, yaxşı şəraitdə və güclü nizam-intizam altında xidmət edən əsgərlərimiz həm Vətənimizi etibarlı qorumağa, həm də gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olmağa qadirdirlər. Mən bununla fəxr edirəm. Allah hər zaman Sizə sevinc dolu günlər qismət eləsin.

Hörmətlə,

Həsənov İbrahim Tapdıq oğlu

Əfqanıstan və Qarabağ müharibələri veteranı

Azərbaycan Respublikası, Tovuz rayonu, Dondar Quşçu kəndi”.

“Möhtərəm cənab Prezident.

Su həyat, su dirilik, su bol məhsul deməkdir. Düşmənlərimiz bizə həm də iqtisadi cəhətdən zərbə vuraq üçün Sərsəngdən təsərrüfatlarımıza gələn suyun qarşısını kəsib, qışda suyu buraxırlar, kənd təsərrüfatı məhsullarının becərmə dövründə isə əkinlərimizi suvarmağa imkan vermirlər. Ona görə suvarma dövründə çox çətinliklərlə üzləşirik. Bu çətinliklərin öhdəsindən isə Sizin Sərəncamınızla yaradılan artezianların köməyi ilə gəlirik. İyunun 3-də rayonumuza səfərinizdən dərhal sonra Sərəncamınızla rayonumuzun 18 yaşayış məntəqəsində 21 artezian quyusu qazılmağa başlanılıb. Bu artezianların biri də bizim Kəngərli kəndinin payına düşüb. Həmin artezianla 60 hektardan çox sahə suvarılacaq.

Möhtərəm cənab Prezident, koronavirus pandemiyasına qarşı aparılan mübarizə dövründə bütün çətinliklərə baxmayaraq bizim rayona səfər etdiyiniz, rayonumuzda 21 yeni artezian yaradılması ilə bağlı Sərəncam imzaladığınız üçün Sizə kəndimizin sakinləri və fermerləri adından minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tərtər rayonu Kəngərli kəndinin sakinləri adından,

Nağıyev Ədalət

Nağıyev İbadət

İsmayılov Vidadi

İsmayılov Bunyad

Abbasov Nəriman

Zamanov Tofiq

Azərbaycan Respublikası, Tərtər rayonu”.

“Hörmətli cənab Prezident.

Hazırda koronavirus pandemiyasının yaratdığı vəziyyətin hər kəsə təsirsiz ötüşmədiyi məlumdur.

Mən Böyük Britaniyada təhsil alan tələbələrdən biriyəm. Tədrisin müddəti yenicə bitmişdir. Bu müddət ərzində təqaüd verilməsi dayandırıldığından maddi cəhətdən sıxıntı çəkirdim. Maliyyə vəziyyətimin ağırlaşması ilə bağlı müraciət etmişdim. Səfirlik pandemiyanın yaratdığı işsizlik mühitini və yaşadığımız gərginliyi nəzərə alaraq dərhal dəstək göstərdi və məni çətinlikdən xilas etdi.

Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır. Bu, Sizin liderliyinizin sayəsindədir, cənab Prezident. Buna görə bir gənc vətəndaş olaraq Sizə təşəkkür edirəm.

Hörmətlə,

İbrahimov Fərid Zakir oğlu

Böyük Britaniya, Edinburq şəhəri”.

“Hörmətli cənab Prezident.

Sizin dünyanı ağuşuna almış bu pandemiya dönəmində göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanılması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən, təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətinizə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq. Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şıxəlizadə Faiq

Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbin coğrafiya müəllimi

Azərbaycan Respublikası, Lənkəran rayonu, Cil kəndi”.

“Əziz Prezidentimiz.

Mən Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbin müəllimi Rəhimova Könül Sədafər qızı Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.

Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Müstəqil Azərbaycan Sizin apardığınız düzgün siyasətin nəticəsində gündən-günə inkişaf edir, çiçəklənir. Azərbaycanın hər bölgəsində quruculuq-abadlıq işləri aparılır, şəhərlərimiz, rayon və qəsəbələrimiz abadlaşır, gözəlləşir. Bu quruculuq-abadlıq işləri Salyanda da yüksək səviyyədə aparılır. Yeni məktəblər və uşaq bağçaları tikilir, təmirə ehtiyacı olanlar əsaslı təmir olunur. Sizin Sərəncamınızla və Heydər Əliyev Fondunun dəstəyi ilə Ərəbqardaşbəyli, Qızılağac və Aşağı Kürkənd kəndlərində yeni məktəblərin, Qarabağlı kəndində yeni uşaq bağçasının tikintisi bizi çox sevindirir. Kənd və qəsəbələrin yollarının abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, hazırda Aşağı Kürkənd və Xurşud kənd yollarına asfalt örtüyü çəkilir. Bütün bunlar Salyan əhalisinin rahatlığının təmin olunmasına xidmət edir.

Cənab Prezident, bütün görülən işlərə, uğurlarımıza görə Sizə öz adımdan, ailəmin və valideynlərimin adından dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi humanist, ədalətli və xalqını öz ailəsi kimi sevən Prezidentimiz var.

Hər zaman dualarımızdasınız. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Rəhimova Könül Sədafər qızı

Azərbaycan Respublikası, Salyan şəhəri”.

“Hörmətli cənab Prezident.

Mən bir vətəndaş olaraq bu gün Azərbaycanın gündən-günə çiçəklənməsinin şahidiyəm. Sizin xalqımızı düşünərək atdığınız addımları xalq görür və yüksək dəyərləndirir. Təəssüflər olsun ki, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu bəladan xilas olmaq üçün vaxtında və düşünülmüş qərarlar qəbul edilmişdir və bu qərarlara hamımız ciddi yanaşmalıyıq. “Biz birlikdə güclüyük!” devizi altında COVID-19 pandemiyasına qarşı mübarizə aparsaq, inanıram ki, yenidən sağlam həyatımıza qayıdacağıq.

Onu da qeyd etmək istəyirəm ki, bu çətin zamanda Siz həmişəki kimi, xalqı düşündünüz və qayğı göstərdiniz. Bu diqqətə görə, bütün xalqımızın adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Hörmətlə,

Quliyev Əliyulla Hümmət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi”.

“Möhtərəm cənab Prezident.

Bu təşəkkür məktubunu Sizə Siyəzən şəhəri M.Ə.Sabir küçəsinin sakinləri adından yazıram. Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərini alqışlayırıq. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da lazımi tədbirlər həyata keçirilir. Pandemiya dövründə aztəminatlı ailələrə, yaşı 65-dan yuxarı olan şəxslərə, işə getmək imkanı olmayanlara dövlət tərəfindən maddi və mənəvi dəstək göstərilməsi, ərzaq yardımları verilməsi təqdirəlayiqdir. Həmçinin, çox yaxşı haldır ki, belə bir dövrdə sosial və infrastruktur layihələrinin icrası davam etdirilir.

Bunun üçün öz adımdan, ailəmin və rayon sakinlərinin adından Sizə minnətdarlığımı bildirirəm. Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti.

Hörmətlə,

Əzimov Mazan Oqtay oğlu

Azərbaycan Respublikası, Siyəzən şəhəri”.

“Hörmətli cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmişdir. İnsan faktorunu daim diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ümidvarıq ki, bu addımlar sayəsində ölkəmiz koronavirus pandemiyasından ən az zərərlə çıxmağı bacaracaqdır.

Hörmətli cənab Prezident, görülən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün sahələrdə olduğu kimi, dini sahədə də Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan dindarları və din xadimləri xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi qüvvələr görülən bu işlərə kölgə salmağa çalışırlar. Lakin, bu antimilli ünsürlər Azərbaycanımıza ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların təxribatları hər dəfə iflasa uğrayacaqdır.

Hörmətlə,

Rəsulov Aydın

Azərbaycan Respublikası, Ucar rayonu, Quləbənd kəndi”.

“Hörmətli cənab Prezident.

Dünyanı lərzəyə salan koronavirus pandemiyası ölkəmizdə yayıldığı vaxtda mənim anam, xalam və nənəm bu xəstəliyə yoluxmuşdu. Çox narahat idim. Lakin bu narahatlığım hazırda səngimişdir. Çünki, ailə üzvlərim yeni açılmış və Sizin təşəbbüsünüzlə koronavirus xəstələrinin ixtiyarına verilmiş “Yeni klinika”da müalicə olundular və şəfa tapdılar. Bu, Sizin ölkə vətəndaşlarına olan qayğınızın bariz nümunəsidir.

Buna görə, ilk növbədə, Sizə, həmçinin ailə üzvlərimə layiqli xidmət göstərən həkimlərimizə təşəkkür etməyi özümə borc bilirəm. Ailəmizin adından Sizə sağlam və uzun ömür diləyirəm.

Hörmətlə,

Allahverdiyev Səbuhi Sahib oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu”.

“Hörmətli Prezident cənab İlham Əliyev.

Biz, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları bu təşəkkür məktubunu Sizə ünvanlayaraq bildiririk ki, Neftçala şəhərində yaşadığımız binanın həyətində təmizlik, abadlıq işləri görülmüş, burada yerləşən və sakinlərin içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulmuş böyük su anbarı tamamilə təmizlənmişdir. Müvəqqəti yaranmış problemlə əlaqədar sakinlərin içməli suya olan tələbatını ödəmək üçün mütəmadi olaraq maşınlar ilə içməli suyun daşınması təşkil edilmişdir. Biz bilirik ki, vətəndaşlara göstərilən bu qayğı Sizin məqsədyönlü siyasətinizdən qaynaqlanır. Ölkəmizin hər bir sakininə, o cümlədən bizə daim qayğı ilə yanaşıldığını, rayonumuzda abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparıldığını görürük.

Odur ki, cənab Prezident, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Rəhmanov Elxan Abbasağa oğlu

İsmayılov Vasif Novruz oğlu

Lətifov Mübariz Akif oğlu

Əhmədov Azad Hüseynağa oğlu

Rzayev Elşad Ağamirzə oğlu və başqaları”.

“Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1981-ci ildə birinci enerji bloku istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası respublika energetikasının inkişafında mühüm bir mərhələnin təməlini qoymuşdur. Uzun illərdir bu İES ölkəmizin əsas elektrik enerjisi mənbəyidir. Bu strateji obyektin Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq yenidən qurulması ölkə əhalisini, xüsusilə də Mingəçevir şəhərinin sakinlərini sevindirir. Hazırda “Azərbaycan” İES-də görülən işlər yüksək səviyyədə həyata keçirilir.

Mingəçevir şəhərinin sakinləri stansiyanın müasir üslubda yenidən qurulmasına, gözəl şəhərimizin ümumi mənzərəsinə yeni çalarlar qatdığına görə Sizə dərindən təşəkkür edirlər. Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da gözəl olacağına ümidlərimiz böyükdür. Sizə cansağlığı, işlərinizdə yeni müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Qəhrəmanov Araz Şirin oğlu

Şirinov Məhəmməd İsmayıl oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

“Hörmətli cənab Prezident.

Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Son bir neçə ayda COVID-19 pandemiyasının dünyanı ağuşuna alması ilə çox şey dəyişdi. Belə bir vaxtda Siz xalqın yanında olduğunuzu həm bildirdiniz, həm də sübut etdiniz. Bildirmək istərdim ki, biz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri tam olaraq dəstəkləyirik. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır və Sizin rəhbərliyinizlə dövlətimiz bunun öhdəsindən uğurla gəlir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan xalqı hər zaman öz Prezidentinin yanındadır.

Hörmətlə,

İsmayılov Bayram

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Möhtərəm cənab Prezident.

Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə qurtulacağımıza böyük inamımız var.

Cənab Prezident, Sizin Azərbaycan məktəblisinin, Azərbaycan tələbəsinin, bir sözlə Azərbaycan gəncliyinin qorunması, bu bəlaya düçar olmaması üçün atdığınız humanist atdımlardan biri də evdə qalaraq təhsilə davam etmək qərarını verməyinizdir. Bu Azərbaycan gəncliyinin sağlamlığının qorunması uğrunda atdığınız fədakarlıq addımının göstəricisidir. Sizin "Biz birlikdə güclüyük!" şüarınız xalqımızın həmrəyliyinə, birliyinə sanki yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirusa qalib gələcəyik.

Hörmətli Prezidentimiz, Sizə Şirvan şəhərinin gəncləri adından dərin təşəkkür edir və bildirirəm ki, biz gənclər Sizin atdığınız hər bir addımın dəstəkçisiyik.

Hörmətlə,

Quliyev Amin Eldəniz oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Möhtərəm cənab Prezident.

Son vaxtlar hamımızı narahat edən koronovirus adlı pandemiya ölkəmizdən də yan keçməmişdir. Bu pandemiyanın ölkəmizə, millətimizə vurduğu ciddi zərərlər danılmazıdır. Sizin tərəfinizdən ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bir çox qərarlar verilmiş və əhalinin sağlamlığı, sosial rifahı üçün çoxlu addımlar atılmışdır. Təhsil müəssisələrində mart ayından etibarən tədris prosesi dayandırılsa da, virtual təhsil davam etdirilmiş, müəllim olaraq biz də öz məsuliyyətimizi və vəzifələrimizi bilərək, şagirdlərimizin tədrisdən geri qalmamaları üçün onlarla əlaqə yaradaraq, daim distant biliklər aşılamışıq. Artıq biz böyük inam və sevinclə yeni tədris ilini gözləyirik, postpandemiya dövründə fəaliyyət istiqamətlərimizi indidən müəyyənləşdirməyə başlamışıq. İnanırıq ki, bundan sonra da Sizin müəllimlərə, təhsilə göstərdiyiniz qayğı nəticəsində təhsildə inkişaf qabarıq şəkildə özünü büruzə verəcəkdir.

Hörmətlə,

Elnarə Xudaverdiyeva

Abşeron rayonu Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də Sizin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətinizi yüksək qiymətləndiririk. COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümü bildirirəm. Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin. Biz birlikdə güclüyük.

Hörmətlə,

Hacı Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR