Prezidentə ünvanlanan məktublar davam edir: “Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”

Prezidentə ünvanlanan məktublar davam edir: “Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”
  • Clock-gray 21:05
  • calendar-gray 18 İyul 2020

 

Ölkə vətəndaşlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər.

APA məktublardan bir neçəsini təqdim edir:

 

“Hörmətli cənab Prezident.

Azərbaycanın yəhudi icmaları 2020-ci il iyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qətiyyətlə pisləyirlər. Bu aktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəldir. Belə təcavüzlər Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da kəskinləşdirir, beynəlxalq hüququ, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında 1994-cü ildə imzalanmış ikitərəfli sazişi pozur.

Ermənistan tərəfindən bu hücum nəticəsində hərbi toqquşmalarda Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksəkvəzifəli hərbçilər, bir dinc sakin öldürülüb, yaralananlar var. Ermənistanın bütün hərəkətləri onun özünün də üzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlərə ziddir.

Cənab Prezident, bu gün millətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı Azərbaycan xalqı ilə və Sizinlə həmrəydir və Azərbaycanda məskunlaşmış bütün xalqlar buna görə böyük qürur duyurlar. Beynəlxalq birlik də Azərbaycanın bütün xalqlarının bu möhkəm birliyini və Sizin müdrik rəhbərliyinizlə bizim cəmiyyətdə yaranmış həmrəy fikri görməlidir.

Azərbaycan yəhudiləri bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə ciddi təhqiqat aparılmasını tələb edirlər ki, Tovuz rayonunda indiki hərbi əməliyyatlar genişlənərək növbəti müharibəyə çevrilməsin, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə - bu provokasiyanı dayandırmağa, atəşkəsə, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində göstərildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırsınlar.

Biz, Azərbaycanın çoxminlik yəhudi icmaları bu provokasiyanı qətiyyətlə pisləyirik və Ermənistanın Azərbaycana qarşı törətdiyi provokasiyaya, elan edilməmiş yeni müharibə başlamağa görə cavab verməsini tələb edirik.

Bu günlərdə Azərbaycanın bütün yəhudi əhalisi, habelə dünya yəhudiləri birliyi Sizin və Azərbaycan xalqının ətrafında sıx birləşiblər və Sizin ilk çağırışınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəyə qoşulmağa həmişə hazırıq. Müdriklər deyiblər: “Xoşbəxt o kəsdir ki, öz evində xoşbəxtdir”. Azərbaycan bizim doğma evimizdir və yəhudilər bu münaqişənin ədalətli həlli uğrunda, Azərbaycanda sülh və xoşbəxtlik uğrunda mübarizəyə daim hazırdırlar.

Dərin hörmətlə,

Anatoli Rafailov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Milix Yevdayev

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Azərbaycan Avropa Yəhudiləri İcmasının rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur.

Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Aldığımız son nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişinizlə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

Hörmətlə,

Şirəliyev Şirin Cəmil oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

 

“Cənab Ali Baş Komandan.

Dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu sülh ordusudur. Lazım gələndə düşmənə öz gücünü göstərir. Son günlərdə mənfur ermənilərin hücumlarının qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya bəyan etdi. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz və Sizin kimi müdrik Liderimiz var. Yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Namazov Elvin Sahib oğlu

Azərbaycan Respublikası, Qazax rayonu”.

 

“Hörmətli cənab Prezident.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu.

Cənab Prezident, Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanırıq. Bizim güclü ordumuz var. Biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq.

Hörmətlə,

Aydın Qasımov

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Son günlər cəbhə bölgəsində baş verən təxribatlar dünyaya bir daha sübut etdi ki, ölkəmiz güclüdür və güclü orduya malikdir. Milli Ordumuzla qürur duyuruq. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Bu günlərdə xalqımızın bütün diqqəti cəbhə bölgəsindədir. Bu gün düşmənin qarşısında güclü ordumuz qəhrəmancasına dayanıb. Biz inanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə daim Sizin yanınızdayıq. Xalqımız Sizə inanır və güvənir. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Sizinlə fəxr edirəm.

Hörmətlə,

Könül Əliyeva

Azərbaycan Respublikası, Abşeron rayonu”.

 

“Hörmətli cənab Prezident.

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdləri güclü ordumuz tərəfindən layiqincə cavablandırıldı, çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edildi.

Möhtərəm cənab Ali Baş Komandan, bu gün hər birimiz inanırıq ki, işğal altında olan torpaqlarımızda Sizin rəhbərliyinizlə tezliklə üçrəngli bayrağımız dalğalanacaq.

Sizinlə fəxr edirik.

Hörmətlə,

Rəna Məmmədova

Azərbaycan Respublikası, Cəbrayıl rayonu”.

 

“Hörmətli cənab Prezident.

Son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Vəzifələrini ləyaqətlə, şərəflə yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, bu təxribatına görə düşmənə Sizin komandanlığınızla layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir.

Hörmətlə,

Heydərli Aysel Hacı qızı

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Cənab Ali Baş Komandan.

Bu gün Azərbaycan Ordusu müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz Sizin rəhbərliyinizlə hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Baş verən hadisələrlə bağlı Sizin əmrinizlə cəbhəyə getməyə hər an hazıram.

Hörmətlə,

Turlan Quliyev

Azərbaycan Respublikası, Füzuli rayonu”.

 

“Cənab Ali Baş Komandan.

Son günlər erməni xisləti və erməni xəyanəti özünü daha qabarıq şəkildə göstərməyə başlamışdır.

Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri və bu hərəkətlər nəticəsində ordumuzun şəhid verməsi hər birimizdə təəssüf hissi yaratmışdır. Lakin, Sizin qətiyyətiniz sayəsində düşmən təxribatının qarşısının alınması və onun həmişəki kimi ağır itkilər verərək məğlubiyyətə məruz qalması ölkəmizin etibarlı müdafiəsinin təmin olunmasının göstəricisi olmaqla yanaşı, həm də tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına parlaq nümunədir.

Cənab Prezident, Sizin Nazirlər Kabinetinin iclasında çıxışınızdan sonra əli silah tutan ölkə vətəndaşlarının könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək düşmənə qarşı döyüşlərdə iştirak etmək arzusunda olduqlarını bildirməsi qürurvericidir və hər birimizi fərəhləndirir. Bu gün əli silah tuta bilən bütün ölkə vətəndaşları Sizin əmrinizi gözləyir. Verilən ilk döyüş əmrində bütün ölkə gəncləri cəbhəyə getməyə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün müqəddəs döyüş əməliyyatlarında iştirak etməyə hazırdır. Allah Sizi və ölkəmizi qorusun. Amin.

Hörmətlə,

Məmmədzadə Etibar Xasay oğlu

Azərbaycan Respublikası, Lerik rayonu”.

 

“Hörmətli cənab Ali Baş Komandan.

İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu. Lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Azərbaycan xalqı dövlət, xalq və Vətən naminə yenidən ayağa qalxdı.

Cənab Prezidentimiz, xalqımız Sizə daim inanır, güvənir. Bizim ərazi bütövlüyümüzü hər zaman qoruya bilən güclü ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin qarantısınız.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Qasımova Nəzakət Ərdişir qızı

Quşkari Rəna Cəbrayıl qızı

Azərbaycan Respublikası, Quba rayonu”.

 

“Hörmətli cənab Prezident.

Sizi Türkiyədən salamlayır və hər zaman dəyərli Azərbaycanımızın yanında olduğumu bildirirəm.

Ermənistanın Azərbaycana qarşı heç bir hüquqi normalara sığmayan, şərəfsiz təxribatına qarşı mübarizənizi dəstəkləyir, canla-başla bu mübarizəyə qoşulmaq istədiyimi bildirirəm. Azərbaycanlı qardaşlarımın şəhadət zirvəsinə çatmasını yüksəliş adlandırıram.

Var olsun Türk yurdu.

Hörmətlə,

Ahmet Şenel

Türkiyə Respublikası, Gaziantep şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti zamanı Sizin dünya liderləri səviyyəsində, yüksək məntiqə əsaslanan çıxışınızı növbəti qələbəmiz hesab edirik. Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi, siyasi, hərbi gücünün inkişafı fonunda, çıxışınıza dözümsüzlük nümayiş etdirən düşmən ölkənin baş nazirinin replika atmaqla savadsız, uydurma, şou xarakteri daşıyan hərəkəti onun acizliyini bir daha nümayişkaranə şəkildə sübuta yetirdi. Sizin sayənizdə nüfuzlu beynəlxalq tədbirdə Paşinyanın gülünc vəziyyətə düşməsi və söz deməyə peşman olması, torpaqlarımızın işğaldan azad edilməsi yönündə aparılan işlər çərçivəsində növbəti qələbələrimizdən biridir.

Cənab Prezident, beynəlxalq tədbirlərdə Sizin tarixi faktlara əsaslanan çıxışlarınızla hər dəfə Ermənistan rəhbərliyinə tarix dərslərinin verilməsi dünya ictimaiyyətinə erməni millətinin əsl simasını, işğalçı, yalançı, irqçi, terrorçu və terrorçulara dəstək verən millət olduğunu göstərir.

Cənab Ali Baş Komandan, bütün bunlar Sizin rəhbərliyinizlə aparılan uğurlu xarici siyasətin tərkib hissəsi olaraq, torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə və ərazi bütövlüyümüzün bərpasına aparan yoldur.

Hörmətlə

Samir Rəhimov

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə aparılan uğurlu islahatlar, yürüdülən siyasət və kadr potensialının təkmilləşməsi sayəsində bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Son günlər cəbhənin Tovuz istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının qarşısı alınarkən qüdrətli ordumuzun göstərdiyi şücaətlə düşmənin bir neçə hərbi qərargahının partladılması və eləcə də xeyli sayda canlı qüvvəsinin məhv edilməsi düşmənə öz yerini bir daha göstərdi.

Cənab Prezident, Müdafiə Nazirliyinin rəhbərliyinin qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində iştirak etməsi və onların tabutunu daşıması, Sizin həmin şəhid ailələrinə birbaşa telefon bağlantısı ilə başsağlığı verməyiniz bir daha onu göstərdi ki, dövlət daim vətəndaşının yanındadır, ona arxadır. Bununla da biz gənclərin Sizə olan sevgimiz daha da artdı.

Hörmətlə,

Şəhram Quliyev

Azərbaycan Respublikası, Tərtər rayonu”.

 

“Hörmətli cənab Prezident.

Azərbaycan əsgərlərinin qəhrəmanlığı bir daha sübut etdi ki, iftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur. Ərazilərimizi işğal altında saxlayanlar da yaxşı bilir ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirmək iqtidarında deyillər.

Cənab Ali Baş Komandan, döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirir, cəbhə xəttində həlak olmuş şəhidlərimizlə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu gün bütün Azərbaycan xalqı, dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən mən Sizinlə həmrəyik, əmrinizlə döyüşə atılmağa və canımız bahasına Qarabağı işğaldan azad etməyə hazırıq.

Sizin bir kəlməniz yetərli oldu ki, minlərlə gənc orduya axın etsin. Bilirik ki, müzəffər ordumuz istənilən an düşmənə məğlubiyyət acısını daddırmağa, ərazi bütövlüyümüzü bərpa etməyə hazırdır. O gün uzaqda deyil.

Hörmətlə,

İmanova Günay Fuad qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bir Şamaxı gənci kimi bu məktubu yazmağı özümə borc bilirəm.

Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Son günlərdə Tovuz rayonunun sərhəd ərazilərində baş verən erməni təxribatları Azərbaycan gənclərində həm kədər hissi oyatdı, həm də şücaətimizi artırdı. Azərbaycan Respublikasının ərazilərinin vahidliyi uğrunda öz canını, qanını düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkrli əməlləri qarşısında qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandıraraq vətənpərvərlik ruhunu daha da gücləndirdi. Azərbaycanın ərazi bütövlüyünə əl uzadanlar bilməlidirlər ki, xalq və ordu Sizin rəhbərliyinizlə o əlləri birdəfəlik kəsib atacaq, torpaqlarımızı işğaldan azad edəcək.

Cənab Prezident, mən və bütün Şamaxı gəncləri Sizin əmrinizi gözləyirik.

Hörmətlə,

Elvin Rüstəmov

Azərbaycan Respublikası, Şamaxı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Son günlər döyüş bölgələrindəki gərgin vəziyyət bir azərbaycanlı kimi məni də çox narahat edir. Sizin güclü siyasətiniz və hər zaman xalqın yanında olmağınız xalq və dövlət arasındakı qırılmaz bağlılığı bir daha sübut etdi. Ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanın etibarlı əllərdə olmasını, Sizin sayənizdə daha da qüdrətli bir dövlətə çevrilməsini hər gün hiss edirik. Bütün bu nailiyyətlər və inkişaf bəzi nankor “beşinci kolon” ünsürlərini narahat edir. Bu səbəbdən də hər bir vasitə ilə dövlətdə qarşıdurma yaratmağa çalışırlar.

Bir vətəndaş, bir müəllim kimi Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ordumuzun qüdrəti sübut etdi ki, Vətənimizin bir qarış torpağı da mənfur erməni yağılarına verilməyəcək. Mən inanıram və tam əminəm ki, Sizin siyasi gücünüz və nüfuzunuz sayəsində çox yaxın zamanda işğal altında qalan Qarabağımız düşmən tapdağından azad olunacaq. Torpaq uğrunda ölən varsa, Vətəndir.

Vətənimizin hər qarış torpağı üçün canımızdan keçməyə hazırıq.

Dərin hörmətlə,

Gülnar Əlizadə

Azərbaycan Respublikası, Biləsuvar rayonu”.

 

“Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Bütün dünyanın qlobal problemlə rastlaşdığı dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Sizin tapşırıq və göstərişinizlə açılan xəstəxanalar, fabriklər hər şeydən əvvəl bizləri düşündüyünüzü göstərir. Bəzi müxaliflər mənfur ermənilərin Tovuz rayonuna hücumu zamanı antidövlət çıxışlar etməklə xalqı təxribata sürükləyirdilər. Xalqımız dövlətimizin siyasətini dəstəkləyir.

Cənab Prezident, Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Qaradağ rayonu Ümid Qəsəbəsi şöbəsinin üzvləri adından və şəxsən öz adımdan ölkə vətəndaşlarının rifahı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Sizin əsgərlərinizik.

Dərin hörmətlə,

İlqar Quluyev

Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Qaradağ rayonu Ümid qəsəbəsi şöbəsinin sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Laçın rayonu”.

 

“Hörmətli cənab Prezident.

Bildiyimiz kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən erməni təxribatına ordumuz adekvat cavablar vermişdir.

Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanır və güvənirik. Bizim güclü ordumuz var, biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq.

Hörmətlə,

Nurcan Şükürlü

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Son günlər cəbhə bölgəsində baş verən hadisələr şanlı Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərdi, uşaqdan böyüyədək hamıda böyük ruh yüksəkliyi yaratdı və qələbə əzmimizi bir az da yüksəltdi. Biz gənclər və bütün Azərbaycan xalqı həmişə inanmışıq, indi də inanırıq ki, mənfur ermənilər tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə və Ordumuzun gücü sayəsində yaxın gələcəkdə azad olunacaq. Lerik gəncləri olaraq hər zaman dövlətimizin yanındayıq və əlimizə silah alıb Vətənin müdafiəsinə qalxmağa hər zaman hazırıq. Yaşasın şanlı Azərbaycan Ordusu.

Hörmətlə,

Abbaszadə Orxan Müştəba oğlu

Azərbaycan Respublikası, Lerik rayonu”.

 

“Hörmətli cənab Prezident.

Sizin Vətən sevginiz dövlətə, dövlətçiliyə sədaqətdir, yerə-göyə sığmayan, sığışmayan qətiyyətdir. Bu qətiyyət bizi Qarabağa aparacaq. Biz buna əminik.

Vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni faşizmi ilə mübarizədə Sizin yanınızdayıq. Mən bu mübarizədə şəhidlik zirvəsinə ucalmağa, Vətəni qoruyan əsgər olmağa hazıram. Bu yolda bütün əmrlərinizi gözləyirəm.

Hörmətlə,

Musazadə Qabil Kamil oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.

 

 

apa-logo-mini

Digər xəbərlər