“Prezidentin çıxışı parlament və hər bir millət vəkilinin 5 illik fəaliyyəti üçün “yol xəritəsi”dir” - RƏY

“Prezidentin çıxışı parlament və hər bir millət vəkilinin 5 illik fəaliyyəti üçün “yol xəritəsi”dir” - RƏY
# 11 mart 2020 18:27 (UTC +04:00)

“Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə parlament və hər bir millət vəkilinin gələcək 5 illik fəaliyyəti üçün “yol xəritəsi”dir”.

Bunu APA-ya açıqlamasında millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı deyib ki, dövlət başçısının çıxışı cəmiyyətin bütün üzvləri - ziyalılar, dövlət qulluqçuları - hər kəs üçün mesajdır: “Prezident çıxışında millət vəkillərini məsuliyyətli olmağa, hesabatlı və şəffaf fəaliyyət göstərməyə çağırdı, vətəndaş, seçici məmnunluğu, vətəndaşların dövlətdən gözləntiləri ilə bağlı formulu, “yol xəritəsi”ni ortaya qoydu. Deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Əminəm ki, seçicilər Prezidentin çıxışını çox yüksək dəyərləndirir. Bizə mandatı seçicilər verir. Ona görə də hər bir millət vəkili seçicisi qarşısında məsuliyyət daşıyır, onların problemlərinin həlli üçün məsələlər qaldırmalı, qanunvericiliyin zənginləşməsində iştirak etməlidir. Bir məqamı da qeyd edim”.

Komitə sədrinin müavini Prezident İlham Əliyevin deputatların qəbul etdikləri qanunların icrasına nəzarət etməli olduğunu vurğulamasına da diqqət çəkib: “Qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Dövlət başçısı idarəçilikdə olan problemləri açıq formada gündəmə gətirdi, məmurlardan şikayətlə bağlı Prezident Administrasiyasına ünvanlanan məktubların əvvəllər yerlərə göndərildiyini, bu qəbuledilməz hala artıq son qoyulduğunu da nəzərə çatdırdı. Eyni zamanda seçicinin deputatdan məmnun qalması üçün tövsiyələrini açıqladı. Deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlət başçısı parlament-hökumət-vətəndaş üçlüyü arasında münasibətlərin daha səmimi, hesabatlı və məsuliyyətli qurulmasının vacibliyinə diqqət çəkdi. Bu da çox önəmli tövsiyədir”.

Millət vəkili deyib ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalı, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər: “Dövlət başçısı çıxışında bu məqamlara da xüsusi diqqət çəkdi. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə ədalətlə yanaşmayan, laqeyd qalan, amma ölkədə qondarma, ikinci, üçüncü dərəcəli problemləri qabardan xarici qüvvələrə də mesaj verdi. Bu gün dünyanın müxtəlif ölkələri miqrant problemi ilə üz-üzə qalıb. Bu gün demokratiyadan danışan ölkələrdə miqrantların acınacaqlı durumu göz önündədir. Eyni zamanda Fransa, İspaniya və digər Avropa ölkələrində insanlar sərbəst toplaşmaq hüququndan istifadə edərkən onlara qarşı zorakılığa yol verilir. Dünyada mövcud olan bu problem fonunda, Azərbaycanda sabitlik, milli həmrəylik hökm sürür. Mövcud sabitliyin əsasında həm də miqrasiya proseslərinin hüquq normalarına uyğun idarə edilməsi kimi şərtlər dayanır. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz”.

Ş İbrahimqızı müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlament sədrinin seçilməsinə də diqqət çəkib: “Bir neçə il əvvəl xanımların yüksək vəzifədə təmsil olunması baxımından Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yüksək dəyərləndirilməlidir. Mehriban Əliyevanın təyinatı bir daha təsdiq etdi ki, Azərbaycanda qadınların yüksək səviyyədə qərarların qəbulu prosesində iştirakı bir reallıqdır. İldən-ilə xanımların yüksək vəzifələrdə daha çox təmsil olunması da gözlənilən idi. VI çağırış Milli Məclisin sədrinin də qadın olması cəmiyyətimiz, o cümlədən qadınlar tərəfindən yüksək dəyərləndirilir. Bacarıqlı bir millət vəkilinin spiker seçilməsi çox sevindiricidir”.

Ümumilikdə, parlament seçkilərinin demokratik keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd edən millət vəkili altıncı çağırış Milli Məclisin çoxpartiyalılıq prinsipi əsasında formalaşdığını diqqətə çatdırıb: “Yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərdi. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Parlamentdə azlığı təmsil edən partiyaların təmsilçisi qismində Fəzail İbrahimli vitse-spiker seçilib. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə seçildilər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır. Bu, Prezidentin tövsiyəsi ilə demokratik dəyərlərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan uğurlu addımlardan biridir. Parlamentin bugünkü tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Eyni zamanda dövlət başçısının da tövsiyəsinə uyğun olaraq, Milli Məclis üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər. Yeri gəlmişkən, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur. Prezident Administrasiyasının yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə görüşlərin keçirilməsi bunu bir daha aydın göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR