"Prokurorluq haqqında" qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib

"Prokurorluq haqqında" qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib
# 05 aprel 2021 17:44 (UTC +04:00)

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda qanunvericilikdə dəyişikliklərlə bağlı 4 qanun layihəsinə baxılıb.

İclası açan Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) iki məsələnin bir-birilə bağlı olduğunu bildirib.

Hər iki qanun layihəsini təqdim edən Baş Prokurorluğun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova dəyişikliklərin ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, qanunlara ediləcək bu dəyişikliklər prokurorluq orqanlarının maddi-texniki bazasının artırılmasına, işçilərin maddi təminatının yaxşılaşdırılmasına, peşəkarlığının yüksəldilməsinə yönəldilib. O, layihələrdə irəli sürülən stimullaşdırıcı tədbirlərin həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində mövcud olduğunu, hazırda qəbul edilmiş dövlət proqramı və strategiyalarında nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov və Elşən Musayev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və müzakirələrin sonunda hər iki məsələ birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məsələyə baxılıb. Gündəliyin dördüncü məsələsi - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verib.

Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri - Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR