Qənirə Paşayeva: "Vətəndaşla dövlət arasında etimadsızlıq toxumu səpənlər yalnız tutulan və işdən çıxarılanlardan ibarət deyil" - MÜSAHİBƏ

Qənirə Paşayeva: "Vətəndaşla dövlət arasında etimadsızlıq toxumu səpənlər yalnız tutulan və işdən çıxarılanlardan ibarət deyil" - MÜSAHİBƏ
# 22 may 2020 17:07 (UTC +04:00)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın APA-ya müsahibəsi

- Qənirə xanım, son aylar ardıcıl olaraq, yüksək ranqlı məmurların antikorrupsiya tədbirləri zəminində həbsinin, bir neçə rəhbər şəxsin vəzifədən azad edilməsinin şahidi olduq. Siz də belə həssas məsələləri zaman-zaman Milli Məclis tribunasından səsləndirmisiniz. Sizcə, bu proses geniş xalq kütlələri tərəfindən necə qarşılanır?

- Ölkədə həyata keçirilən dərin antikorrupsiya, yenilənmə, şəffaflaşdırma hərəkatının vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılandığını sosioloji sorğular keçirmədən belə, bariz şəkildə görmək mümkündür. Bununla belə, müxtəlif parametrlər, qiymətləndirmə meyarları ilə keçirilən yerli və beynəlxalq sosioloji sorğuların nəticələri də fikrimizi təsdiq etməkdədir.

İndi sosial media, interaktiv portallar vasitəsilə, üstəlik, fərdi rabitə imkanlarımızla geniş xalq kütlələrinin rəyini müəyyən önəmli dərəcədə öyrənmək mümkündür. Nəzərə alsaq ki, millət vəkili öz seçiciləri ilə davamlı əlaqə saxlayır, ünvanımıza çoxsaylı müraciətlər olur, məktublar göndərilir, müxtəlif qəbullar keçirir və s., bu mənada, ictimaiyyətin nə düşündüyünü, nədən əziyyət çəkdiyini, nəyə sevindiyini, kimi alqışladığını da öyrənmək şansımız olur. Ona görə, rahat şəkildə deyirəm ki, vətəndaşlarımız Prezidentin həyata keçirdiyi şəffaflaşdırma siyasətini açıqürəklə, səmimi şəkildə dəstəkləyir.

Bu dəstək, dövlətçilik, təfəkkürünə, azərbaycançılıq ideologiyasına, yüksək səviyyədə davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursuna əsaslanır.

Bu dəstək, Prezidentin vətənpərvərliyi, xalqın istək və arzularına dərindən vaqif olması ilə şərtlənir.

Ona görə də, vətəndaşlarımız antikorrupsiya, şəffaflaşdırma prosesini, dərin islahatlar kursunu alqışlayır, bu prosesin müsbət nəticələrini öz üzərində hiss edir.

Vətəndaşımız fərqindədir ki, dövlət başçısının alicənablığının, özlərinə çəki-düzən verməkçün yaratdığı şansın dəyərini bilməyən məmurlar haqq etdiyi aqibəti yaşayacaq.

- Ancaq hələ də yeni dövrün çağırışlarına cavab verə bilməyən, köhnə streotiplərlə yaşayan məmurların iş başında olması faktları var...

- Hər kəs öz etdiklərinə görə cavabdehdir. Bu cavabdehlik ilk növbədə insanın öz vicdanı qarşısında olmalıdır. Məşhur deyimlə ifadə etsək, “sənin nəzarətçin – sənin vicdanındır”; ikincisi, vəzifə varsa, o vəzifəyə təyin edən də var. Bu çox sadə həqiqəti unutmaq qafillikdir. Yəni, hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa, sabahkı aqibətlərinə görə kimisə yox, məhz özünü, öz əməllərini günahkar və cavabdeh bilsin.

Çox təəssüf, hər yeni həbs, hər yeni işdən azad edilmələr göstərir ki, vətəndaşla dövlət arasında soyuqluq yaradanlar, etimadsızlıq toxumu səpənlər yalnız o tutulan və işdən çıxarılanlardan ibarət deyil.

Biz qəti əminik ki, cənab Prezidentin başçılığı ilə dövlət öz təmizlənmə, yenilənmə, şəffaflaşma siyasətini, məntiqi sonluğa çatanadək davam etdirəcə, sadə insanlarımız bu prosesin faydalanan, sevinən tərəfi olacaq.

İşdən azad edilən, həbs edilənlərlə bağlı elə həssas məsələlər ortalığa çıxır, doğrusu, adam dərin kədərə qərq olur. Ona görə ki, az-çox təhsil görmüş, pis-yaxşı kitab oxumuş, yaxud bir müddət məsul vəzifədə çalışmış bir adam necə olur, yeni dövrün çağırışlarını anlamır, şəffaflıqla bağlı qəti siyasi iradənin fərqində ola bilmir, antikorrupsiya tədbirlərinin mahiyyətini başa düşmür?! İkincisi, bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı? Nəhayət, axı, yaramaz məmurların topladığı topdağıtmaz sərvətin yığıldığı günlərdə, o sərvətin saxlandığı rayonda… yavan çörəyə ehtiyacı olanlar da olub. Və o ehtiyac sahibinə dəstək durmaq qanunsuz sərvət toplayanın borcu olub. O ehtiyacın qarşılanması üçün o məmura dövlət vəsaiti etibar olunub.

Ayrıca, Heydər Əliyev Fondunun göndərdiyi sovqata da göz dikmək qədər tənəzzül etməkçün bir imkanlı, vəzifəli adamın nə qədər mənəviyyatsız olması gərəkdir?! Təsəvvür etmək belə çətindir…

Qoy, şəffaflığa hazır olmayan məmurlar həm bizləri bu çətin təsəvvürlərdən qurtarmaqçün, həm də daha çox öz gələcəkləri üçün günümüzün reallıqlarını idrak etsin. Bu, hamı üçün yaxşı olar, ancaq ilk növbədə islah olanların özü üçün vacibdir…

- Dövlət başçısının ötən gün vəzifəyə yeni təyin olunmuş başçıları videogörüş formatında qəbul edərkən verdiyi tövsiyələr, təfəkkürlərdə dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Məhz təfəkkür, hadisələrə yanaşma tərzi dəyişməlidir. Dəfələrlə xəbərdarlıq edildikdən sonra da öz bəd əməllərindən əl çəkməyən məmurların mənəviyyatsızlığı xəfifə alınmayacaq bir faciə kimi qarşımıza çıxır. Dediyiniz o təfəkkür dəyişimi bütün əməli fəaliyyət sahələrini əhatə etməli, kompleks xarakter daşımalıdır. Prezidentin Ağstafa və İmişliyə təyin olunmuş başçılara verdiyi tövsiyələr bu baxımdan ibrətamizdir.

Fikir verin, dövlət başçısının bir neçə cümləsini olduğu kimi bölüşürəm sizinlə:

“İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.

Dövlət başçısı bildirdi ki, “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Prezidentin təsvir etdiyi belə məmur tipləri sadə vətəndaş tərəfindən yazılan məktuba, edilən müraciətə cavab verməz, cavab verərsə də “standart cavab” verər – ortada məktub, müraciət yazmağa, cavab gözləməyə gedən vaxta, qırılan ümidə, sarsılan inama heyif olar.

Prezident xalqın milli-mənəvi dəyərlərini, etnoyaddaşını yaxşı bilir, “daşı daş üstə qoymaq” deyimini də təsadüfən işlətmir, əlbəttə.

Daşı daş üstə qoymaq ev tikməkdir, körpü salmaqdır, kömək etməkdir, bacardığını əsirgəməməkdir, xeyirxahlıqdır. Bunun əksi isə uçurmaqdır, dağıtmaqdır, talamaqdır, ev yıxmaqdır. Özü də, söhbət əlində səlahiyyət, imkan olmayan sadə insanımızdan getmir, məhz mühüm vəzifə sahibi ola-ola, imkanlar bolluğu içindəykən daşı-daş üstə qoymayanlardan gedir.

Ümummilli lider deyirdi:

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”…

Məncə, haqqında danışdığımız yenilənmə, şəffaflaşdırma prosesi də, məhz bu formulun mahiyyətinə uyğun gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR