“Qobu Park-3”ün Respublika Günündə açılması Prezidentin milli dövlətçiliyə verdiyi xüsusi diqqətin simvolu kimi qiymətləndirilməlidir

“Qobu Park-3”ün Respublika Günündə açılması Prezidentin milli dövlətçiliyə verdiyi xüsusi diqqətin simvolu kimi qiymətləndirilməlidir
# 29 may 2020 15:19 (UTC +04:00)

Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Açılışın məhz 28 may -Respublika Günündə baş tutması təsadüfi deyil. Bunu Prezidentin milli dövlətçiliyə verdiyi xüsusi diqqətin simvolu kimi qiymətləndirmək lazımdır. Çünki 102 il əvvəl müstəqillik əldə edən və cəmi 23 ay ərzində mövcud olan Azərbaycan bu gün qətiyyətli addımlarla regionun siyasi xəritəsində yer tutmaqdadır.

Qeyd etmək yerinə düşər ki, 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları, digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.

Kompleksin ərazisində 280 yerlik uşaq bağçası da tikilib. Gələcək nəsillərin sağlam böyüməsi, onların maddi və mənəvi ehtiyaclarının qarşılanması istiqamətində son illər Heydər Əliyev Fondu tərəfindən olduqca vacib layihələr icra olunmaqdadır. Fondun davamlı olaraq apardığı sosial və humanitar istiqamətli tədbirlər sayəsində ehtiyacı olan müxtəlif kateqoriyalardan olan insanların həyat şəraitləri yaxşılaşıb, uşaqların, əlillərin, ehtiyacı olan sosial qrupların sosial müdafiələrinin daha da möhkəmləndirilməsi kompleks hal alıb.

Şəhərcikdə həm də 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb. Bu, həm də məcburi köçkünlərin məşğulluğunun artırılmasına töhfə deməkdir. Yeri gəlmişkən, keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir.

O ki, qaldı onlar üçün tikilən şəhərciklərə, burada xüsusilə Prezidentin 2003-cü il Prezident seçkilərindən əvvəlki proqramına diqqət yetirmək lazımdır. Həmin proqramda Prezident İlham Əliyev söz vermişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Və verilən sözə əməl edildi. Hətta 4 il ərzində qaçqın çadırlarının yüksək səviyyəli yaşayış kompleksləri ilə əvəzlənməsi yekunlaşdı. Son illər də məcburi köçkünlər üçün mənzillərin tikilməsi davam etməkdədir. 2019-cu ildə bu rəqəm 5000-ə yaxınlaşıb. Bu il isə 7-8 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev çıxışı zamanı həm də onu qeyd edib ki, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaq. İşğaldan azad olunan torpaqlarda dağıdılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Əlbəttə, həmin günlər uzaqda deyil. Bunun üçün bütün üstünlüklərə sahibik. Beynəlxalq hüquq, hərbi güc, iqtisadi vəziyyətimiz buna izin verir.

Zaur Məmmədov - Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR