Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb

Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb
# 03 fevral 2020 18:00 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, Seçki Məcəlləsinin 1.1.19, 40.4, 40.5, 40.7-ci maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) tərəfindən müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq DSK-ya təqdim edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı bu müddət fevralın 4-dək, yəni 3 fevral saat 18:00-dək olan dövrü əhatə edib.

Seçki Məcəlləsinin 40.7-ci maddəsinə əsasən, DSK-lar ərizənin komissiyaya verildiyi tarixdən başlayaraq 2 gün müddətində müşahidəçilərin qeydə alınması ilə bağlı qərar qəbul etməlidir.

Qeyd edək ki, ötən dövr ərzində 61502 müşahidəçi DSK-larda müşahidə aparmaq üçün qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR