Siyavuş Novruzov: “Deputatların tərkibində ciddi dəyişiklik olacaq”

Siyavuş Novruzov: “Deputatların tərkibində ciddi dəyişiklik olacaq”
# 29 noyabr 2019 14:38 (UTC +04:00)

“Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı qərarı Konstitusiyaya tam uyğundur. İkinci tərəfdən, müxalifətdə bir az yaddaş problem var. Onlar yaddaş probleminə görə nə dediklərini bilmirlər”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Müsavat Partiyasının qərargahındakı keçirilən sonuncu toplantıda müzakirələrin yekunu olaraq qəbul edilən sənədin son bəndi növbədənkənar parlament seçkiləri ilə bağlı olub: “Yəni onlar düşünürdülər ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, məhz onların bəyanatına görə növbədənkənar parlament seçkiləri keçirilməyəcək. Doğrudur, onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. Çünki YAP həmişə öz fəaliyyətini Azərbaycan xalqının tələbinə uyğun qurur”.

S. Novruzovun sözlərinə görə, dünyada praktika belədir ki, müxalifət növbədənkənar seçkiləri önəmli sayır: “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, Prezident seçkiləri zamanı namizəd tapa bilmirdilər. Onlar gah Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, gah da Cəmil Həsənlini haradansa tapıb gətirirdilər. Hansı ki, namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

YAP funksioneri qeyd edib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır: “Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Təhlil əsasında onların fəaliyyəti növbəti seçkilərdə nəzərə alınacaq. Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”.

S. Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olmayacağı ilə bağlı yayılan siyahılara da münasibət bildirib. O qeyd edib ki, siyahılıar havadan götürülüb: “Hər seçki öncəsi belə siyahılar dərc olunur. Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR