Siyavuş Novruzov: “Milli Məclis parlamentin buraxılması ilə bağlı YAP-ın müraciətini yaxın günlərdə müzakirəyə çıxaracaq”

Siyavuş Novruzov: “Milli Məclis parlamentin buraxılması ilə bağlı YAP-ın müraciətini yaxın günlərdə müzakirəyə çıxaracaq”
# 28 noyabr 2019 17:09 (UTC +04:00)

“2016-cı il aprelin 26-da keçirilmiş referendumla Azərbaycan Prezidentinə parlamenti buraxmaq səlahiyyəti verilib. Parlament seçkiləri təyin olduqdan sonra isə siyasi partiyalar və insanların özü tərəfindən namizədlər irəli sürülə bilər. Hazırda deputat olan şəxslər də siyasi partiyalar və öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürə bilər”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti təyin edir: “Prezidentin sərəncamından sonra isə 2 gün müddətində rəsmi şəkildə seçki prosesi başlayır və seçkilər 2 ay ərzində keçirilir”.

S. Novruzov qeyd edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Milli Məclis tərəfindən Azərbaycan Prezidentinə müraciət ünvanlanmalıdır: “Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə 68 deputat təmsil edir. Həmin deputatların əksəriyyəti müraciəti imzaladıqdan sonra YAP bununla bağlı parlamentə müraciət edib. Milli Məclis isə yaxın günlərdə bu sənədi müzakirəyə çıxaracaq və müzakirələrdən sonra cənab Prezidentə təqdim olunacaq”.

Komitə sədri bildirib ki, yeni parlamentin səlahiyyətləri qüvvəyə minənədək köhnə parlament səlahiyyətlərini davam etdirəcək: “Parlamentin 2/3-si, yəni, 83 deputat seçildikdən sonra isə yeni parlament formalaşmış hesab edilir. Bundan sonra köhnə parlamentin səlahiyyətləri itirmiş hesab olunur. Yeni parlamentin səlahiyyətləri qüvvəyə minənə qədər köhnə parlament üzvləri qərar qəbul edəcək, əmək haqqı alacaq, toxunulmazlıq və digər hüquqlarını özündə saxlayacaq, səlahiyyətləri qüvvəsində qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR