Soltan Məmmədov: “Dövlət başçısının yeni seçilmiş deputatlardan gözləntiləri böyükdür, çalışmalıyıq ki, bu gözləntiləri doğruldaq” - MÜSAHİBƏ

Soltan Məmmədov: “Dövlət başçısının yeni seçilmiş deputatlardan gözləntiləri böyükdür, çalışmalıyıq ki, bu gözləntiləri doğruldaq” - MÜSAHİBƏ
# 09 may 2020 16:43 (UTC +04:00)

Millət vəkili Soltan Məmmədovun APA-ya müsahibəsi

- Ali təhsillə bağlı ixtisas seçiminizdə valideynlərinizin rolu olubmu?

- Valideynlərim təhsillə bağlı müstəqil seçim etməyimi istəyirdilər, yəni hansısa müdaxilə və təsirdən söhbət gedə bilməz. Öz seçimim əsasında Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm, Xəzər Universitetində “İctimai səhiyyənin idarəedilməsi” ixtisası üzrə magistr dərəcəsi almışam, daha sonra aspiranturada oxumuşam. Texniki elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam. Əmək fəaliyyətimin əhəmiyyətli bir hissəsi ictimai səhiyyə ilə bağlı olub.

- Ali təhsilinizlə bağlı maraqlı məqam var. Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red.) “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsində təhsil alıb, Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasını bitirdiyiniz halda 2005-ci ildə Xəzər Universitetində “İctimai səhiyyənin idarəedilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmisinz. Balaxanı Neft idarəsində operator-nəzarətçi, daha sonra isə səhiyyə sahəsində müxtəlif vəzifələrdə çalışmısınız. Bir-birindən kifayət qədər uzaq sahələrdə təhsil almaq və çalışmaq nə ilə bağlı olub?

− Bəli, Azərbaycan Dövlət Neft Akademiyasının bitirdikdən sonra müəyyən dövrdə neft sahəsində çalışmışam. Dissertasiya mövzusu üzərində işləyərkən bu sahədə əldə etdiyim praktiki biliklərin çox böyük faydası olub. Ancaq ictimai səhiyyə mənim üçün həmişə maraqlı sahə olub, özünə cəlb edib. Təbii ki, neft və ictimai səhiyyə xeyli dərəcədə fərqli sahələrdir. Ancaq istənilən bir işdə qazanılan təcrübə insan üçün faydalıdır. Sadəcə, bu sahədə qazandığım işgüzar praktikanı, idarəçilik təcrübəsini sonrakı dövrdə gündəlik fəaliyyətimdə istifadə etməyə çalışmışam. Ümumdünya Səhiyyə Təşkilatında işləmək mənim arzum idi. Bu qurumda işlədiyim dövrdə bilavasitə səhiyyənin təşkili məsələsinə xüsusi önəm verirdim. Burda qazandığım təcrübə mənə Xəzər universitetində “İctimai səhiyyənin idarəedilməsi” ixtisası üzrə magistr dərəcəsi almağım üçün çox faydalı oldu. Yəni ixtisas dəyişməyim hansısa problem yaratmadı, çünki istənilən sahədə insanın fəaliyyəti müəyyən mənada ciddi bir təcrübədir. Hər iki sahədə qazandığım təcrübə bu gün də Heydər Əliyev Fondunda işimi düzgün qurmağa mənə çox kömək edir.

- 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi olmusunuz. Pandemiya dönəmində ÜST-nın fəaliyyətini necə dəyərləndirirsiniz? Bu gün ÜST-nın rəhbəri barədə müxtəlif dövlətlər (məsələn, ABŞ) və dairələr tərəfindən səsləndirilən tənqidləri nə dərəcədə əsaslı sayırsınız?

- İstənilən təşkilatı tənqid etmək üçün hansısa arqumentlər tapmaq mümkündür. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına ünvanlanmış tənqidlərin əsaslı və ya əsassız olduğu barədə mülahizə yürütmək məncə bir qədər tezdir. ÜST-nın indiki halda əsas missiyası dövlətlərə tövsiyələr vermək, onların koronavirusla mübarizəsinə dəstək olmaq, insanları maarifləndirməkdir. Görünən odur ki, ÜST bu istiqamətdə kifayət qədər fəal iş aparır. Ancaq nəticə barədə danışmaq qeyd etdiyim kimi, bir qədər tezdir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın yayıldığı bütün ölkələrlə sıx əməkdaşlıq edir, o cümlədən Azərbaycanla da. Bilirsiniz ki, ölkəmiz bu təşkilata 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib. Qoşulmama Hərəkatının üzv dövlətlərinə pandemiyada dəstək üçün Azərbaycan ÜST-ə daha 5 milyon dollar maliyyə yardımı ayırıb. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirmək üçün REACT-C19 layihəsi çərçivəsində Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycana gəlib. Bu həkimlər Türkiyədə koronavirusla mübarizədə əldə etdikləri təcrübə və bilikləri buradakı həmkarları ilə bölüşüblər. Bundan başqa, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun ÜST, UNİCEF və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı işlənib, maarifləndirici sosial çarxlar hazırlanır, təbliğat işləri aparılır.

- 2014-cü ildən Azərbaycanın İsveçrədə yerləşən beynəlxalq təşkilat olan QİÇS, Vərəm və Malyariya xəstəlikləri ilə mübarizə üzrə Qlobal Fondda nümayəndəsiniz. Azərbaycanda bu xəstəliklərlə mübarizə hansı səviyyədə təşkil edilib?

- 2014-cü ildən İsveçrədə yerləşən səhiyyə sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan biri olan QİÇS, Vərəm və Malyariya xəstəlikləri ilə mübarizə üzrə Qlobal Fondda Azərbaycanı təmsil edirəm. Bu mənim üçün həqiqətən, böyük şərəfdir. Eyni zamanda, 2015-2017-ci illərdə həmin Fondun Direktorlar Şurasının Maliyyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. 2017-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya xəstəlikləri ilə mübarizə üzrə Qlobal Fondun Direktorlar Şurasında Şərqi Avropa və Orta Asiya ölkələri tərəfindən seçkilər yolu ilə üzv olmuşam. Bu ilk fakt idi ki, Şərqi Avropa və Asiya regionundan olan nümayəndə bu təşkilatda ən yüksək vəzifəyə seçilirdi. Bu, əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun, Qlobal Fondla əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürü idi. Eyni zamanda, Azərbaycanın bu xəstəliklərlə mübarizə sahəsində qazandığı uğurların təsdiqi kimi qiymətləndirilməlidir. Azərbaycanda malyariya xəstəliyinin qeydə alınmaması ölkəmizin səhiyyə sahəsində qazandığı mühüm nailiyyətlərdən biridir. Vərəm xəstəliyi bir çox ölkədə ciddi səhiyyə problemi olaraq qalır. Lakin Azərbaycanda bu xəstələrin müalicəsi, dərman təminatı, onların sosial müdafiəsi istiqamətində dövlət proqramı çərçivəsində davamlı tədbirlər həyata keçirilir. QİÇS-lə mübarizə sahəsində də Azərbaycan çox böyük nailiyyətlərə imza atıb. Həm statistik göstəricilərə, həm əldə olunmuş nəticələrə görə Azərbaycan bir sıra ölkələrdən irəlidədir. Qlobal Fondla ölkəmiz bu sahədə çox sıx əməkdaşlıq edir. Bütün bunlar Azərbaycana olan etimadı, ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdir.

- Heydər Əliyev Fondunun Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəisisiniz. Bu Fondun Azərbaycan üçün əhəmiyyətini necə xarakterizə edərdiniz? Bu gün Fondun beynəlxalq əlaqələri necə qurulub?

- Heydər Əliyev Fondu dünyada çox böyük nüfuza, uğurlu təcrübəyə malik yüksək statuslu bir təşkilatdır. Fondun fəaliyyəti bir çox fərqli spektrləri əhatə edir. Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyətinin, tarixinin təbliğinə diqqət ayırmaqla yanaşı, saysız-hesabsız təhsil layihələri, sosial layihələr həyata keçirir. Yeni texnologiyaların tətbiqi istiqamətində bir çox uğurlu layihələr reallaşdırıb. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi, qayğısı, tövsiyələri, uğurlu idarəçiliyi və əlbəttə ki, fondun adını daşıdığı Ulu Öndərin bizə yol göstərən, istiqamət verən ideyaları əldə olunmuş uğurların əsasını təşkil edir. Heydər Əliyev Fondunda çalışmaq, belə bir mötəbər, dünyada böyük nüfuza malik təşkilatın bir parçası olmaq mənim üçün böyük şərəfdir, eyni zamanda çox böyük məsuliyyətdir. Çünki qeyd etdiyim kimi, Heydər Əliyev Fondu bütün dünyada kifayət qədər etibarlı, nüfuzlu və mötəbər bir qurum kimi qəbul olunur.

- Niyə məhz 14 saylı Xəzər seçki dairəsini seçdiniz?

- Bu, əlbəttə ki, çox böyük məsuliyyətdir. Eyni zamanda seçkilərdə iştirakın özünü böyük bir etimad kimi qiymətləndirirəm. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu dairədən Milli Məclisin deputatı olduğu dövrdə gördüyü böyük işlər, yaratdığı özül burda həyata keçirilən işləri davam etdirmək üçün geniş imkanlar açır. Mehriban xanımın fəaliyyəti insanların yaddaşında o qədər yaxşı izlər buraxıb ki, bu dairəni təmsil edən deputatdan gözləntilər də böyükdür. Heydər Əliyev Fondunda qazandığım təcrübə, burda çalışdığım dövrdə insanlarla işləmək, ehtiyacı olanlara yardım etməkdən zövq almaq, xeyirxahlığı, yardımsevərliyi bir insanlıq borcu kimi əxz etməyim hesab edirəm ki, bir deputat kimi fəaliyyətimi qurmaqda çox faydalı olacaq. Bir daha qeyd etmək istəyirəm ki, təmsil etdiyim qəsəbələrin iqtisadi inkişafı, infrastrukturun təkmillədirilməsi, insanların rahatlığının, rifahının təmin olunması üçün olduqca böyük işlər görülüb. Mən öz gücüm, imkanları daxilində bu işləri davam etdirməyə çalışacağam.

- Parlament seçkilərindən ötən qısa müddət ərzində deputat fəaliyyətinizi və ümumilikdə Milli Məclisin bu dövrdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Milli Məclisin fəaliyyətinə mənim hansısa qiymət verməyim doğru olmaz. İlk növbədə ona görə ki, yeni çağırış Milli Məclisin fəaliyyətə başlamasından çox az vaxt keçir. Eyni zamanda, mən özüm də yeni seçilmiş millət vəkiliyəm, Milli Məclisin fəaliyyətinə qiymət vermək üçün daha böyük təcrübəyə malik olmaq lazımdır. Sadəcə, müşahidələrimi qeyd edə bilərəm ki, parlamentin rəhbərliyi və həmkarlarım gözləntiləri, göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edirlər.

- Dövlət başçısı Milli Məclisdə çıxışında deputatların, parlamentin gələcək fəaliyyəti ilə bağlı tövsiyələr verdi. Ötən dövr ərzində fəaliyyətinizi bu tövsiyələr əsasında qurmağa nail ola bildiniz?

- Cənab Prezidentin VI Çağırış Milli Məclisin ilk iclasının açılışı zamanı çıxışı bizim fəaliyyətimiz üçün bir yol xəritəsidir. Cənab İlham Əliyev qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələr, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, seçicilərlə ünsiyyətlə bağlı tövsiyələri bütün millət vəkillərinin fəaliyyətində önəm verməli olduğu əsas istiqamətləri ehtiva edir. Bu, eyni zamanda onu göstərir ki, dövlət başçısının yeni seçilmiş deputatlardan gözləntiləri böyükdür və biz bütün gücümüzlə çalışmalıyıq ki, bu gözləntiləri doğruldaq. Bu gün karantin rejiminin yaratdığı məhdudiyyətlər seçicilərlə ünsiyyətdə, bəzi problemlərlə yerində tanış olmaqda çətinliklər yaradır. Lakin istənilən halda biz bütün imkanlardan, vasitələrdən istifadə edərək, seçicilərin problemlərini diqqətdə saxlamağa, onların həlli ilə bağlı konkret addımlar atmağa çalışırıq.

- Milli Məclisin fəaliyyətini, parlamentin Aparatında aparılan islahatları yetərli sayırsınız?

- Bu islahatlar əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevin başladığı genişmiqyaslı islahatların davamıdır. Azərbaycanda bütün sahələrdə, həm iqtisadiyyatda, həm sosial sahədə, həm siyasi münasibətlər sistemində, dövlət idarəçiliyində böyük dəyişikliklər baş verib və bu proses davam edir. Düşünürəm ki, Milli Məclisdə həyata keçirilən islahatlar da parlamentin fəaliyyətini yeni dövrün şərtlərinə, dövlət başçısı cənab İlham Əliyevin reallaşdırdığı islahatlar kursunun ruhuna uyğunlaşdırılmasını təmin etmək məqsədi daşıyır. Atılan addımlar Milli Məclisin rəhbərliyinin də bu mövqedən çıxış etdiyini, yeniləşmək və müasirləşmək iradəsinin ifadəsidir.

- Son dövrlər korrupsioner məmurlara, xüsusən rayon icra hakimiyyəti başçılarına münasibətdə baş verənlərə münasibətiniz necədir?

- Düşünürəm ki, bu hadisələrə ən doğru qiyməti istintaq, hüquq-mühafizə orqanları və məhkəmələr verəcək. Mən, sadəcə, onu deyə bilərəm ki, indiki şəraitdə harada işləməsindən asılı olmayaraq, hər bir məmurun, vəzifəli şəxsin yeganə məqsədi öz dövlətinə, xalqına xidmət etmək olmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulayıb ki, dövlət məmurları məhz xalqa xidmət etməli, millət vəkilləri xalqın içində olmalı, vəzifəli şəxslər insanların problemlərini həll etməyə, öz səlahiyyətləri çərçivəsində cəmiyyətimizin inkişafına töhfə verməyə çalışmalıdır. Bir neçə vəzifəli şəxsin həbsi həm məmurlar üçün, daha dərindən baxdıqda həm də cəmiyyət üçün mesajdır. Bu, insanların dövlətə inamını, etimadını daha da gücləndirir. Hər bir vətəndaş dövlətə ədalət ünvanı kimi baxır və görür ki, qanunu pozanlar, səlahiyyətlərini şəxsi maraqları üçün istifadə edənlər cəzasız qalmır. Hər kəs görür ki, ədalətin, şəffaflığın təmin olunması, qorunması üçün dövlətin siyasi iradəsi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR