Soltan Məmmədov: Fransa siyasi elitasının fəaliyyəti beynəlxalq hüquqa hörmətsizlikdir

Soltan Məmmədov: Fransa siyasi elitasının fəaliyyəti beynəlxalq hüquqa hörmətsizlikdir
  • Clock-gray 17:50
  • calendar-gray 27 Dekabr 2020

“Fransa Prezidentinin erməni icmasının nümayəndələri ilə görüş zamanı söylədiyi fikirlər haqqında Ermənistan kütləvi informasiya vasitələrində gedən məlumatlar bir daha bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyasına sadiq olmadığını, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu təsdiqləyir”. 

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycan ordusunun mövqelərini və dinc yaşayış məntəqələrini atəşə tutmasından sonra həyata keçirilən əks-hücum əməliyyatları zamanı Fransa Prezidentinin verdiyi açıqlamalar, atdığı addımlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub:

“Münaqişənin nizamlanması prosesində vasitəçilik edən bir ölkənin birtərəfli mövqe tutması, müxtəlif yollarla Azərbaycana təzyiq etmək, Ermənistana isə hərtərəfli dəstək vermək təşəbbüsləri çoxlu suallar yaradırdı. Hətta 44 günlük müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra da biz Fransanın sülhü dəstəklədiyini, hərbi əməliyyatların dayanmasını təqdir etdiyini görmədik. Əksinə müxtəlif səviyyələrdə “status” məsələsini gündəmə gətirmək cəhdlərini müşahidə etdik.”

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman Fransa ilə münasibətlərə xüsusi önəm verib:

“İqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı üçün çox böyük işlər görülüb. Lakin Fransa hökumətinin Vətən Müharibəsi zamanı tutduğu ədalətsiz mövqe ikitərəfli əlaqələrə kölgə salıb. Fransa siyasi elitasının Azərbaycanın haqlı mübarizəsinə nəinki dəstək verməməsi, hətta mane olmağa çalışması iki ölkə arasında münasibətlərin ruhuna tamamilə ziddir. Bu, eyni zamanda beynəlxalq münasibətlərdə çox vacib amillərdən biri olan dövlətlər arasında qarşılıqlı hörmət anlayışına uyğun deyil. Bundan başqa, həm də beynəlxalq hüquqa hörmətsizlikdir, çünki Azərbaycan BMT nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq, öz ərazi bütövlüyünü bərpa edib.”

Soltan Məmmədov Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupunda təmsil olunan bir çox deputatların Azərbaycanın mövqeyini dəstəklədiyini və hökumətin siyasəti ilə razılaşmadığını diqqətə çatdırıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan Vətən Müharibəsi zamanı öz dostlarını bir daha yaxından tanıdı. “Əlbəttə ki, heç kimin Azərbaycana dost olmaq məcburiyyəti yoxdur. Hər bir ölkə, siyasətçi dostlarını və rəqiblərini seçməkdə azaddır. Lakin beynəlxalq münasibətlər sistemində vacib rola malik, özünü Avropanın aparıcı dövləti kimi təqdim edən, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında fəal iştirak etməyə iddialı bir ölkənin tarixi faktları və beynəlxalq hüququ nəzərə almadan münaqişə tərəflərindən birini dəstəkləməsi onu ədalətli vasitəçi və etibarlı tərəfdaş olduğuna ciddi şübhə yaradır”.

 

apa-logo-mini

Digər xəbərlər