Soltan Məmmədov: “Həm döyüş meydanında, həm də beynəlxalq hüquq müstəvisində bütün zəruri addımlar atılır və atılacaq"

Soltan Məmmədov: “Həm döyüş meydanında, həm də beynəlxalq hüquq müstəvisində bütün zəruri addımlar atılır və atılacaq"
# 28 sentyabr 2020 16:58 (UTC +04:00)

“Ermənistanın mülki insanları və obyektləri atəşə tutması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Azərbaycan öz ərazisini və əhalisini müdafiə etməlidir və edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, Ermənistanın yeni hərbi təxribata hazırlaşdığına dair məlumatlar var idi:

“Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələyə kifayət qədər sərt reaksiya vermədi. Ermənistan növbəti hərbi təxribata əl atmaqla danışıqlar üçün bütün yolları bağlamaq, eyni zamanda ölkə daxilində mövcud olan problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güdür. Ancaq Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Prezidentin də xalqa müraciətində və Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, biz haqlı tərəfik. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Eyni zamanda, öz ərazi bütövlüyünü təmin etməyə, vətəndaşlarını qorumağa qadir güclü dövlətdir. Xalqla dövlət arasında olan birlik, orduya inam, ölkəmizin gücü bizim qələbəmizi şərtləndirən əsas amillərdir”.

Soltan Məmmədov nəzərə çatdırıb ki, Ermənistan ordusunun əsasən yaşayış məntəqələrini atəşə tutması bu ölkənin əsl məqsədindən və Ermənistan ordusunun hərbi taktikasının mülki insanları hədəf almaq üzərində qurulduğunu bir daha təsdiqləyir: “Tərtər rayonunda, Ağdamda dinc insanların, o cümlədən məktəblilərin həlak olması bunu bir daha təsdiqləyir. Azərbaycan dövləti bu cinayəti cəzasız qoymayacaq. Həm döyüş meydanında, həm də beynəlxalq hüquq müstəvisində bütün zəruri addımlar atılır və atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR