Tahir Kərimli: “Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq”

Tahir Kərimli: “Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq”
# 06 iyul 2020 11:25 (UTC +04:00)

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O bildirib ki, yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir: “Bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşib. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar. Məsələn, Qazaxıstanda da biz bu təcrübəni gördük. Eləcə də Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra insanların məsuliyyətsizliyi, Operativ Qərargahın tələblərinə uymaması nəticədə yoluxmanın artmasına səbəb oldu. Zəncirvari yoluxmanı qırmaq üçün hazırda Azərbaycanda sərt karantin rejiminin yenidən tətbiqinə başlanıldı. Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Yəni, insanlar qaydalara nə qədər çox əməl etsə, karantin rejiminin müddəti də o qədər az olacaq. Bütövlükdə Azərbaycan cəmiyyətini koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılamağa, məsuliyyət, nizam-intizam göstərməyə çağırıram. Çünki hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla”.

Deputat vurğulayıb ki, bu virusun dərmanı tapılmayıb və vaksini də yoxdur: ”Bu da o deməkdir ki, bizim virusla nə qədər yaşayacağımız bəlli deyil. Ona görə də bununla mübarizə aparmaqla paralel olaraq, yaşamağı da öyrənməliyik. Çünki hər birimizin ailəsi, övladları, yaşlı valideynləri, yaxınları var. Onlar hər gün risk altındadır. Bu riski yaradan da yenə özümüzük. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır”.

T. Kərimli qeyd edib ki, Azərbaycanın koronavirusla mübarizə istiqamətində gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib: “Virusla mübarizənin ilk dövrlərində atılan addımlar bizim indi vəziyyəti idarə etməyimizə şərait yaradıb. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Bu gün ölkəmizdə COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edilib və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verilib. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan 5-i artıq istifadəyə verilib. Ən müasir standartlara cavab verən laboratoriyalar alınıb və qısa müddətdə onların sayı 26-ya çatdırılıb. Həkimlərin xəstəxanalara səfərbər olunması, onların təchizatı məsələləri həll edilib, əmək haqlarının 3-5 misli miqdarında əlavələr verilməsinə başlanıb. Doğrudur, xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görülürdü. Amma aidiyyəti qurumlar bu işi ən yaxşı şəkildə təşkil etməyi bacardı. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Unutmaq olmaz ki, koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir. Bütün dövlətlər virusla mübarizə aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR