Təkrar və əlavə seçkilər nəticəsində MM-də təmsil olunan yeni siyasi partiyaların maliyyələşdirilməsi qaydası müəyyənləşir

Təkrar və əlavə seçkilər nəticəsində MM-də təmsil olunan yeni siyasi partiyaların maliyyələşdirilməsi qaydası müəyyənləşir
# 23 dekabr 2020 13:12 (UTC +04:00)

Milli Məclisə (MM) keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılacaq vəsait həmin seçkilərin yekunları Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin 24-25 dekabr tarixlərində keçiriləcək iclasının gündəliyinə salınmış “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların dövlət qeydiyyatından keçmiş partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanacaq.

Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi Milli məclisdə təmsil olunan siyasi partiyalar arasında dördüncü rübün sonunda bərabər bölünəcək. Bu zaman vəsait çatışmazlığı yarandıqda dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsait üzə mövcud olan qənaət hesabına, həmin mənbə kifayət etmədikdə isə dövlət büdcəsindən ayrılan əlavə vəsait hesabına aradan qaldırılacaq.

Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara bu bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə artırılacaq.

Beləliklə, qanun layihəsinə əsasən dövlət büdcəsindən ayrılmış vəsaitin 5 faizinin Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmsinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılması nəzərdə tutulur. Bu hallarda yeni siyasi partiyalara ayrılan vəsaitin dəqiq hansı vaxtdan hesablanacağı, o cümlədən vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlığın aradan qaldırılması mexanizmi müəyyən edilir. Eyni zamanda Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünən vəsaitin məbləğinin 10 faizdən 5 faizə salınması təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR