Törədilmiş cinayətlə əlaqədar cərimə və cəza müddətinin müəyyənləşdirilməsinə dair yeni qayda müəyyənləşir

Törədilmiş cinayətlə əlaqədar cərimə və cəza müddətinin müəyyənləşdirilməsinə dair yeni qayda müəyyənləşir
# 11 aprel 2020 13:47 (UTC +04:00)

Cinayət Məcəlləsinə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla cərimənin yeni müəyyənləşdirilməsi qaydası əlavə olunur.

APA-nın məlumatına görə, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda cərimə müəyyən olunur.

Təklif edilən dəyişikliyə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla həm də cinayət predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunacaq.

Eyni zamanda məhkumların islah işləri, cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması qaydalarına da dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, intizam xarakterli hərbi hissədə saxlamanın bir günü islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü deyil, dörd gününə bərabər tutulacaq.

Cinayət Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni 68.3 və 68.4-cü maddələrə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü, ictimai işlərin dörd saatı bərabər tutulacaq. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən islah işlərinin bir gününə ictimai işlərin iki saatı bərabər tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR