Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşib

Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşib
  • Clock-gray 20:11
  • calendar-gray 25 Noyabr 2020

Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda əksini tapıb. 

Qanuna əsasən, hüquqi şəxs statusu almaq istəyən təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması barədə müraciətinə  yeni sənəd əlavə edilib.  Bu sıraya təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin Təhsil Nazirliyi ilə razılaşdırılması barədə sənəd əlavə edilir.

Qeyd edək ki, “Təhsil haqqında” Qanunun 30.5-ci maddəsinə əsasən, təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.

Firuzə Vahid

Digər xəbərlər