Təşəkkür məktubları: “Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu əməli işlərinizlə sübut edirsiniz”

Təşəkkür məktubları: “Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu əməli işlərinizlə sübut edirsiniz”
  • Clock-gray 18:16
  • calendar-gray 08 İyun 2020

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməyə davam edir.

APA məktublardan bəzilərini təqdim edir:

 

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun timsalında bir daha görürük.

Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,

Əkbərov İqbal Müştaba oğlu

Ağababayev Dünyamalı Xanbaba oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Göytəpə şəhəri”.

 

“Əziz və hörmətli cənab Prezident.

Bu gün dünyada, o cümlədən qonşuluğumuzdakı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə verdiyiniz uzaqgörən qərarlarla bizi bu bəlalardan minimum itkilərlə xilas etməkdəsiniz.

Cənab Prezident, becərdiyimiz məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Alışov Möhübbət Mansur oğlu

Babayev Ramin Hüseyn oğlu

Muradov Məhəmməd Telman oğlu

Balayev Baladin İltifat oğlu

Mehdiyev Rafəddin Məmməd oğlu

Hüseynov Tahir Səfər oğlu

Qasımov Əliqismət Əhməd oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

 

“Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək əlbəttə ki, qürurvericidir.

Əziz Prezidentimiz, bizi darda qoymadığınız üçün ailəmin adından Sizə təşəkkür edirəm. Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun.

Hörmətlə,

Abdullayev Nizami Fayaz oğlu, Qarabağ müharibəsi veteranı.

Rusiya Federasiyası, Moskva vilayəti, Fryazino şəhəri”.

 

“Möhtərəm Prezident.

Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır.

Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır".

Əziz Prezidentim, ürəyimdə sözüm çoxdur. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin.

Hörmətlə,

Babayeva Sevil, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

 

“Möhtərəm Prezident.

Bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək.

Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq.

Hörmətlə,

Əhmədli Nurlanə Nazim qızı

Əsədova İlhamə Sərhad qızı.

Azərbaycan Respublikası, Qazax şəhəri”.

 

“Çox hörmətli cənab Prezident.

Çox sağ olun ki, xalqımız üçün böyük işlər görürsünüz. Biz görürük ki, bu gün bütün dünya ölkələri çətinliklərlə üzləşib. Amma Sizin və Mehriban xanımın sayəsində biz bu çətinlikləri o qədər də hiss etmirik. Sizin davamlı qayğınızla ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da böyük işlər görülür. Koronavirus pandemiyası ilə əlaqədar bizim şəhərdə də lazımi tədbirlər həyata keçirilir. Biz bundan çox razıyıq.

Bu günlərdə bizim yaşadığımız M.Hüseynzadə küçəsinin asfaltlanması bizi çox sevindirdi. Bunu çox arzulayırdıq.

Çox sağ olun, cənab Prezident. Biz Sizə inanırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz bütün arzularımıza çatacağıq. Sizə bir daha minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Əlizadə Ələskər oğlu

Ağayev İsmayıl Qulamhüseyn oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri”.

 

“Cənab Prezident.

Gədəbəy rayonunun Əyrivəng kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyrivəng kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Tağıyev Söhbət Qoca oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Əyrivəng kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.

Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun.

Hörmətlə,

Bağırova Adilə Nəriman qızı,

Azərbaycan Respublikası, Naftalan şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.

Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.

İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Nəsirova Ruxsarə Rasim qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

 

“Hörmətli cənab Prezident.

Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik.

Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədov Faiq Ələkbər oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu”.

 

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

COVID-19-un dünyanı cənginə aldığı bir vaxtda Sizin iti zəkanız, uzaqgörən siyasətiniz sayəsində görülən qabaqlayıcı tədbirlər nəticəsində bu qorxulu bəlanın ölkəmizdə geniş yayılmasının qarşısı vaxtında alındı. Əks təqdirdə, bu bəlanın fəsadları daha böyük olardı.

Bu çətin və ağır günlərdə Siz birinci xanım Mehriban Əliyeva və bütün ailə üzvləriniz ilə birlikdə böyük fədakarlıq, hünər göstərərək xalqınıza arxa, dayaq oldunuz. Xalqın sağlamlığını iqtisadiyyatından üstün tutmağınız, aztəminatlı ailələrə göstərdiyiniz maddi və mənəvi dəstək Sizin xalqa olan dərin məhəbbətinizin təzahürüdür. Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir və Sizi dəstəkləyirəm. Gördüyünüz işlərə görə şəxsən öz adımdan, həmçinin çalışdığım Bakı abadlıq şirkətinin bağbanları adından Sizə təşəkkür edir, cansağlığı arzulayıram

Qoy, Ulu Tanrı Sizləri qorusun.

Hörmətlə,

Əzizov Extiyar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu”.

apa-logo-mini

Digər xəbərlər