Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşir

Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşir
# 24 aprel 2020 15:58 (UTC +04:00)

Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” qanuna nəzərdə tutulan əlavədə (birinci oxunuş) bildirilir.

Təklif edilən yeni tələblərə əsasən, təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə, bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Həmin emal müəssisələri, qurğular, poliqonlar ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsiri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər ediləcək.

Bu emal müəssisələri, qurğular, poliqonların fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.

Həmin emal müəsisələri, qurğular, poliqonlara dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR