Türkiyənin Nişantaşı Universitetinin nümayəndələri Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkiblər

Türkiyənin Nişantaşı Universitetinin nümayəndələri Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkiblər
  • Clock-gray 13:59
  • calendar-gray 16 Noyabr 2020

Ölkəmizdə səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçının başçılıq etdiyi  nümayəndə heyəti noyabrın 16-da  Gəncəyə səfər edib.

APA -nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub. Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın  dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Türkiyə  nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olara, dağılmış  evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.

Sonda Ermənistanın sentyabrın 27-dən  Azərbaycan Respublikası ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumlarla bağlı bəyanat səsləndirilib.

 

Fuad Nazimoğlu

Digər xəbərlər