Varşavada Gəncə terroruna etiraz aksiyası keçirilib

Varşavada Gəncə terroruna etiraz aksiyası  keçirilib
  • Clock-gray 14:57
  • calendar-gray 18 Oktyabr 2020

Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya paytaxtın mərkəzi Plac Zamkovı meydanında baş tutub.

Aksiyada polyak dilində "Qarabağ Azərbaycandır!" (“Karabach to Azerbejdzan”) yazılmış iri banner, "Ermənistanın terrorunu dayandırın!", "Ermənistanın təcavüzünü dayandırın!" şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib.

Aksiya iştirakçıları Polşa hökumətini və polyakları, eləcə də beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Qeyd edək ki, oxşar aksiyaların Polşanın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Sail Ağasəlim

Digər xəbərlər