“Vətən Müharibəsi və postmüharibə dövründə KİV və beyin mərkəzlərinin rolu: qarşıdakı hədəflər” mövzusunda tədbir keçirilib - VİDEO

“Vətən Müharibəsi və postmüharibə dövründə KİV və beyin mərkəzlərinin rolu: qarşıdakı hədəflər” mövzusunda tədbir keçirilib - VİDEO
# 11 mart 2021 17:35 (UTC +04:00)

Bu gün “APA Group” və Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Vətən Müharibəsi və postmüharibə dövründə KİV və beyin mərkəzlərinin rolu: qarşıdakı hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, videokonfrans formatında təşkil edilmiş tədbirin məqsədi işğal olunmuş torpaqlarının azad edilməsi və Ermənistanın kapitulyasiyası ilə nəticələn 44 günlük Vətən Müharibəsindən sonrakı postmüharibə dövründə Cənubi Qafqazda baş verən proseslərin ölkə daxilində və xaricində düzgün şəkildə işıqlandırılması ilə bağlı KİV və beyin mərkəzlərinin rolunun müzakirə olunması, mövcud çətinliklərin aradan qaldırılması üçün təklif və tövsiyələrin müəyyən edilməsi olub.

APA İnformasiya Agentliyinin Baş redaktoru Nurşən Quliyev bildirib ki, Vətən müharibəsi dövründə KİV-lə politoloqların, beyin mərkəzlərinin birgə fəaliyyətinin effektivliyi təsdiqini tapıb: “Vətən müharibəsindən sonra da KİV-lə politoloqların, beyin mərkəzlərinin birgə fəaliyyəti vacibdir. Çünki müharibə bitsə də, informasiya müharibəsi bitməyib. Odur ki, media və siyasi ekspertlər, beyin mərkəzləri informasiya müharibəsi sahəsinə əməkdaşlığın daha əlverişli formalarını tapmalı, birgə çalışmalıdır. Tədbirin təşkil olunmasının əsas məqsədi budur”.

N. Quliyev mətbuatın politoloqlar üçün platforma rolunu oynadığını diqqətə çatdırıb, cəmiyyətə, Ermənistana, beynəlxalq aləmə hansısa məsələlər və istiqamətlərlə bağlı mesajını, düşüncəsini çatdırmaq istəyən ekspertlərin bu platformadan istifadə edə biləcəyini bildirib: “Düşünürəm ki, politoloqların rəy və fikirlərinin yer aldığı yazıları istənilən ciddi mətbuat məmnuniyyətlə yayar”.

Tədbirin moderatoru, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Vətən müharibəsi qələbə ilə bitsə də, hibrid savaşın davam etdiyini söyləyib: “Bu sahədə uğurlarımız olsa da, müəyyən çağırışlar da var. Məsələn, bu günlərdə ABŞ Konqresində ölkəmiz əleyhinə müəyyən qətnamələrin müzakirəyə təqdim olunması da bunu göstərir. Bugünkü tədbirin keçirilməsində məqsəd bu istiqamətdə təklif və tövsiyələrin irəli sürülməsidir. Ümidvarıq ki, bu müzakirələr KİV-lə beyin mərkəzləri, politoloqlar arasında əlaqələrin intensivləşməsinə zəmin yaradacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Azərbaycana qarşı uzun illərdir, informasiya müharibəsi aparılır və bunun öz səbəbləri var: “Biz nə edə bilərik? Ölkəmizdə düşüncə mərkəzləri və jurnalistlərin xarici mediada çıxış etməsinə ehtiyac var. Yeri gəlmişkən, Rusiya düşüncə mərkəzlərində belə tədbirlər olanda ora rus dilini bilən jurnalist və ekspertlər yönləndirməkdə çətinlik çəkirik. İkincisi, Qərb auditoriyasına çıxanda emosional yox, sakit, arqumentli danışmalıyıq. Hər hansı millətə, o cümlədən erməni millətinə qarşı da Qərbdə emosional çıxış qəbul edilmir. Bu halda həmin şəxslər Qərbdə keçirilən tədbirlərə dəvət olunmurlar. O cümlədən KİV-də təhlillərin səviyyəsi yüksəldilməlidir. APA, “Azvision” kimi media orqanlarında normal təhlil görmək olur. Ancaq bizim KİV-in əksəriyyətində xırda xəbərlər gedir, xaricdən istəyəndə biz ciddi təhlillər tapmaqda çətinlik çəkirik. İlk növbədə, xarici dillərdə və Azərbaycan dilində təhlil xarakterli materiallara ehtiyac var. Düşüncə mərkəzlərimizin, KİV-imizin Ermənistanın işğalçılıq siyasəti və müharibə dövründə törətdiyi dağıntılarla bağlı araşdırma xarakterli materiallarına ehtiyac var. İnsanların şəxsi hekayələri, həyatları fonunda müharibədə törədilən dağıntıların dünya ictimaiyyətinə çatdırılması da vacibdir. Azərbaycan dilində yazılmış belə materialları da sonra tərcümə edərək xarici düşüncə mərkəzlərinə, xarici KİV-lərə göndərə bilərik”.

Millət vəkili, “Trend” İnformasiya Agentliyinin Baş direktor müavini Arzu Nağıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində döyüş tək səngərlərdə getmirdi: “İlk növbədə, biz həqiqətləri yazmalı və dünya ictimaiyyətinə çatdırmalıyıq. Diaspor təşkilatlarımızın da fəaliyyəti bu aspektdə əhəmiyyət kəsb edir”.

A. Nağıyev bəzən KİV-də ingilis dilində yazılan materialların redaktəsinə ciddi ehtiyac olduğunu diqqətə çatdırıb: “Çünki sosial şəbəkələrlə müqayisədə KİV-də işıq üzü görən materiallar yüksək səviyyədə hazırlanmalıdır. Bundan əlavə, xaricdəki ekspertlər və media nümayəndələri ilə telekörpülərin də əhəmiyyətini qeyd etmək istəyərdim. Qeyd etmək istədiyim digər məqam odur ki, hərbi jurnalistlərin hazırlanması istiqamətində ciddi addımlar atılmalıdır. Cəbhə bölgəsinə göndərilən jurnalistlərin sığortalanması da vacibdir, çünki riskli bölgələrə göndərilir. Ümumilikdə isə düşünürəm ki, 44 günlük müharibə zamanı KİV və düşüncə mərkəzləri bir nöqtəyə vurdu. Lakin bizim həll etməli olduğumuz problemlər hələ də var”.

Politoloq Rusiya və Ermənistan mediasından həqiqəti əks etdirməyən məlumatların olduğu kimi Azərbaycan mediasında verilməsinin də bir problem olduğunu söyləyib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 3 təklifinin olduğunu nəzərə çatdırıb: “Bizə hazırda basqıların əsas səbəbi sülh mesajlarımızın az olmasıdır. Biz Qarabağdakı ermənilərlə birgə yaşamaq istəyiriksə, sülh mesajlarımızı artırmalıyıq. Ermənilərlə birgə vebinarların keçirilməsi də yaxşı olar. İkincisi, Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası sahəsində də araşdırma aparmalıyıq. Üçüncüsü, diasporla Bakıda olan beyin mərkəzlərinin koordinasiyasının təşkili də vacibdir. Xarici İşlər Nazirliyi də bu sahədə yardımçı ola bilər”.

APA Group”-un rəhbəri Vüsalə Mahirqızı deyib ki, mediada müəyyən çatışmazlıqlar var: “Biz beyin mərkəzləri, politoloqlarla necə işləyə bilərik? Azərbaycan qələbə qazanıb, ancaq müəyyən suallar var. Postmüharibə dövründə cəmiyyətimizi necə hazırlamalı olduğumuzu müəyyənləşdirməli, həm də revanşist olmayan Ermənistan reallığına nail olmalıyıq. Həm də ilk növbədə biz necə etməliyik ki, cəmiyyətimiz bunu qəbul etsin. Şəhidlər, yaralılar var, müharibədən çıxmış cəmiyyətlərin reabilitasiyası üçün bəzən 20-30 il vaxt tələb olunur. Cəmiyyətləri hazırlamaqda dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da böyük rolu var. Bir müddət əvvəl əsirlərlə davranışla bağlı beynəlxalq aləmdə ciddi tənqidlər var idi. APA, “Haqqın.az” Azərbaycanda yaşayan erməniləri tapıb, müsahibələr götürdük. Ancaq biz daha çox cəmiyyətimizdən təpgilərlə qarşılaşdıq. Biz ermənilərlə birgə yaşayırıq, amma bunu deyəndə, yazanda qıcıqlananlar olur.

Biz cəmiyyətimizi reallıqlara alışdırmalıyıq. Burada əsas vəzifə beyin mərkəzləri və KİV-in üzərinə düşür. Biz bu cür müzakirələri davam etdirib, dövlət qurumlarına təqdim etmək üçün bir konsepsiya da hazırlaya bilərik. Hazırda xüsusilə sosial şəbəkələrdə o qədər də doğru olmayan təbliğat aparılır. Ermənistan cəmiyyətindən yalnız düşmən obrazı yaradılması birgə yaşayışa müsbət töhfə vermir. Ermənistan cəmiyyətində də eynisinin Azərbaycanla bağlı edilməsi zərərli və ziyanlıdır. Çünki müharibə bitib, biz böyük qayıdışa nail oluruq. Sərhədin o biri üzündə isə Ermənistan dövləti və ermənilərdir. İstəyimizdən asılı olmayaraq birgə yaşamalıyıq. Ona görə də bu baxımdan beyin mərkəzlərinin tövsiyələri KİV kimi bizi maraqlandırır. İctimai rəyin dəyişdirilməsi və yumşaldılması uzun müddət davam edən bir prosesdir”.

Politoloq Eldar Namazov siyasi ekspertlərin KİV-lə əməkdaşlığının gündəlik rejimdə qurulmasının vacibliyini qeyd edib: “Mən müharibədən sonra elə faktlarla rastlaşırdım ki, təəccüb edirdim. Ordumuz effektivliyinə görə dünyada birinci səviyyələrdədir. Diplomatiyamız da müharibədən əvvəl və müharibə dövründə uğurlu fəaliyyət göstərdi, diplomatiyamız müharibədə qazanılan qələbəmizi rəsmiləşdirdi. Ancaq informasiya sistemimiz ordumuz və diplomatiyamız kimi uğurlu fəaliyyət göstərə bilmədi. Müharibə dövründə İnternet bağlı olanda, Prezident və Prezidentin köməkçisi ilə informasiya savaşını udduq. Ancaq İnternet açılandan sonra cəmiyyət olaraq informasiya savaşında fərqlənə bilmədiyimiz üzə çıxdı. Bir məqamı qeyd edim. Azərbaycan Beynəlxalq Aviasiya Təşkilatında Xocalı aeroportunu qeydiyyatdan keçirir, ancaq Ermənistan mətbuatında yazılır ki, guya aeroport açılır, bizim mediada da bu yalan informasiya yer alır. Yaxud Qarabağda Balasanyan və Araik Arutunyan arasında mübarizə gedir, kimin hərbi qüvvələrə rəhbərlik edəcəyi barədə informasiya savaşı aparırlar. Erməni mətbuatı buna gülür, hər iki tərəfi verir, təəssüf ki, bizim KİV-də belə xəbərlər yer alır ki, Qarabağda yenidən ordu qurulur. Yaxud başqa bir məqam. Azərbaycan müharibə zamanı bütün zəminləri hazırlamışdı, beynəlxalq hüquq, ədalət, diplomatik üstünlük, hərbi güc – hər şey Azərbaycanın tərəfində idi. Xaricdəki bəzi qüvvələr, o cümlədən həmsədr ölkələr Rusiya, ABŞ və Fransa Azərbaycana təsir göstərmək üçün hər hansı boşluq tapa bilmirdi. Odur ki, guya Türkiyədən Azərbaycana muzdlu döyüşçülərin gətirildiyi barədə feyk xəbərlər yayılırdı. Məqsəd Azərbaycana təzyiq üçün bəhanələr, rıçaqlar tapmağa cəhd idi”.

Politoloq Azərbaycanda bəzi müxalifətçilərin feyk xəbərlərdən istifadə etməyə çalışdığını da xatırladıb: “Belələri feyk xəbərlərə əsaslanaraq deyirdilər ki, Hadrut ermənilərə qaytarılacaq, Xocalı aeroportu açılacaq, cəmiyyətdə çaşqınlıq yaranırdı. Ən pisi odur ki, bu cür məlumatları yayan şəxslərə bu məlumatı yaydığına görə “stop” deyən yoxdur. Elə həmin məlumatı onlara istinadən verən KİV bildirməlidir ki, axı sənin bir həftə əvvəl verdiyin xəbər yanlış çıxıb. Bu cür məsələlərin, erməni təbliğatına, cəmiyyəti çaşdıran məqsədlərə yönəlmiş addımların qarşısının alınması üçün KİV və politoloqlar, beyin mərkəzləri daha sıx işləməlidir”.

“Report” İnformasiya Agentliyinin rəhbəri Murad Əliyev işğaldan azad edilmiş ərazilərdə daha geniş araşdırma aparılması üçün bu səfərlərinin daha uzun müddətli olmasının vacibliyini qeyd edib: “Çünki 1-2 gün ərzində jurnalistlərin əhatəli material hazırlaması mümkün olmur”.

M. Əliyev informasiya savaşında xarici dil bilikləri olan jurnalistlərə daha böyük ehtiyac olduğunu vurğulayıb.

Politoloq Əli Hacızadə ölkədə xarici dil bilən ekspert və politoloqların sayının az olmasına diqqətə çatdırıb: “Azərbaycanda rusdilli mütəxəssis tapmaq da çətindir. Rusdilli KİV-ə çıxa biləcək insanların sayı azdır. Bəzi insanlar fikirləşirlər ki, müharibə bitibsə, informasiya savaşı da bitib. Bu, yanlışdır. Bundan sonra daha güclü informasiya savaşı yaşana bilər. Məğlubiyyətin bir bədəli olduğu kimi, qalibiyyətin də bir bədəli var. Bu, bizə qarşı informasiya savaşıdır. Söhbət tək erməni lobbisindən getmir, dünyada Azərbaycanın güclü dövlət olmasını istəməyən dövlətlər, o cümlədən regionumuzda belə dövlətlər var. Biz Vətən müharibəsində Türkiyənin diplomatik sahədə dəstəyini gördük və biz bundan sonra dünyada Türkiyəyə qarşı olan dövlətlərin də hədəfində olacağıq”.

Politoloq Zaur İbrahimli qətiyyətli sülhpərvər konsepsiya irəli sürməyimizin vacibliyini vurğulayıb: “Bu konsepsiya üç magistral üzrə olmalıdır: Ermənistan cəmiyyətinə, beynəlxalq aləmə və daxili auditoriyaya istiqamətlənmiş konsepsiya. Sərhədlərin, kommunikasiyaların açılmasının vacibliyini, ancaq təxribatlara da qətiyyətlə cavab verəcəyimizi bəyan etməliyik. Daxili auditoriyaya da mesaj verməliyik ki, Azərbaycan öz haqlarını qoruyacaq. Biz alternativ hesabatlar hazırlamalıyıq. Məsələn, Azərbaycanda əcnəbi miqrantlarla bağlı BMT-yə alternativ hesabat təqdim etmişik. Bu, çox yaxşı qarşılandı. İşğaldan azad olunmuş ərazilərlə bağlı, gender və digər istiqamətlərdə alternativ hesabatlar hazırlamalıyıq. Biz xaricdəki ekspert qrupları ilə ekspert panelləri təşkil edə bilərik. İlk mərhələdə MDB məkanındakı qruplarla, daha sonra isə Avropadakı ekspert qrupları ilə belə ekspert panellərinin təşkil edilməsi yaxşı olardı”.

Tədbirə yekun vuran Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bu cür müzakirələrin faydalı olduğunu bildirib. O, informasiya savaşında KİV və siyasi ekspertlərin üzərinə böyük yük düşdüyünü bildirib, bu səbəbdən də onların qarşılıqlı əlaqədə daha sıx əməkdaşlığının zəruriliyini vurğulayıb. Z. Məmmədov irəli sürülən təkliflərin sistemləşdiriləcəyini, gələcəklə belə müzakirələrin davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR