Vətəndaşlar Prezidentə yazır: “Azərbaycan xalqı vətəndaşların rifahını hər şeydən üstün tutulduğunuzu bir daha gördü”

Vətəndaşlar Prezidentə yazır: “Azərbaycan xalqı vətəndaşların rifahını hər şeydən üstün tutulduğunuzu bir daha gördü”
# 22 aprel 2020 10:26 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevə məktublar gəlməkdə davam edir. Ölkənin müxtəlif guşələrindən dövlət başçısına məktublar ünvanlayan vətəndaşlar koronavirusun qarşısının alınması, virusa yoluxmuş insanların müalicəsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirirlər.

APA məktublardan bir neşəsini təqdim edir.

“Hörmətli cənab Prezident.

Hər zaman olduğu kimi, indiki çətin günlərdə də xalqımızın bütün təbəqələrinə, qocalara, gənclərə, xəstələrə, uşaqlara qayğınızla dəstəksiniz.

COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyərək hər gün minlərlə can alır. Bunu ölkələrin gündəlik statistik göstəricilərindən də görürük. Amma Sizin düzgün siyasətiniz, görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu bəlanın qarşısı demək olar ki, alınıb. Bu qabaqlayıcı tədbirlər olmasaydı, nələr olacağını xəyalıma belə gətirmək istəmirəm.

Hörmətli Prezident, vaxtında görülən tədbirlərə, ölkəmizi, xalqımızı qoruduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, bu bəla, qara bulud ölkəmizin üstündən tezliklə çəkiləcək. Sizin ölkəmiz üçün çəkdiyiniz əziyyəti, qayğınızı, dəstəyinizi görürük. Görməyənlər isə Vətən sevgisindən məhrumdur.

Mən əliləm. Gənc valideyn olaraq iki oğul böyüdürəm və deyirəm, nə yaxşı ki, bu ölkədə doğulmuşuq, Azərbaycanın vətəndaşıyıq.

Hörmətli cənab Prezident, biz Sizinlə, Azərbaycanımızla fəxr edirik. Mən ailəmiz adından Sizə ürəkdən təşəkkürümüzü çatdıraraq, karantin rejiminə riayət etdiyimizi bildirirəm. Hər zaman sağ olun, var olun!

Dərin hörmətlə,

Həsənov Teyyub Tofiq oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu”.

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlərə görə Kürdəmir rayonunda məskunlaşan məcburi köçkünlər adından Sizə təşəkkür edirik.

Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. İnşallah, Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik. Allah bu müqəddəs işinizdə Sizə yardımçı olsun.

Hörmətlə,

Əliyev Tofiq

Mehdiyev Bəbiş

Cəfərov Şəmsəddin

İbrahimov Nicat

Həsənov İlqar.

Azərbaycan Respublikası, Kürdəmir rayonu”.

“Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi əlili, təqaüddə olan polis işçisi kimi Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər gün dünya xəbərlərini izlədikcə ölkəmizdə olan vəziyyətdən qürur hissi keçirirəm.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, dünyaya meydan oxuyan ölkələrdə baş verən olayları, yüzlərlə, hətta minlərlə insan itkilərini gördükdə bu pandemiyanın necə qorxunc bəla olduğunu başa düşürük, lakin ölkəmizdə bunu hiss etmirik. Çünki Sizin kimi müdrik Prezidentimiz var.

Azərbaycan xalqı bir daha Prezidentimizin yürütdüyü siyasətin doğruluğunu, vətəndaşların rifahının hər şeydən üstün tutulduğunu gördü. Buna görə də bütün xalq Sizin ətrafınızda sıx birləşərək deyir: “Cənab Prezident, biz Sizinləyik!”. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Əliyev Teymur İdris oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Hörmətli cənab Prezident.

Ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır.

Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır.

Hörmətlə,

Əsgərov Arif, Əfqanıstan müharibəsinin veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu”.

“Möhtərəm cənab Prezident.

Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu.

Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz.

Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm.

Hörmətlə,

Cəfərova Zəminə Xasay qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Möhtərəm cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.

Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Hacıyev Namiq, Şəki Dövlət Regional Kollecinin müəllimi.

Azərbaycan Respublikası, Şəki rayonu”.

“Möhtərəm cənab Prezident.

Cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçdiyimiz bir vaxtda hər bir vətəndaş Sizə ümid çırağı kimi baxır. Bu savaşdan birlikdə qalib çıxacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Çünki öz vətəndaşlarının hər cür təhlükədən etibarlı müdafiəsini təşkil edən, koronavirus pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən qüdrətli dövlətimiz var. Milli həmrəylik məsələsində çoxminli müəllimlər ordusunun üzvləri olaraq biz də dövlətimizin, onun müdrik rəhbərinin yanındayıq.

Azərbaycanda həm də milli təhlükəsizliyimizin qorunmasını özündə ehtiva edən bu mübarizədə Sizin başçılığınız altında həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasında oynadığı həlledici rol gözlərimizin önündədir.

Cənab Prezident, ölkəmizin sabahı, gələcəyi olan uşaqlar, o cümlədən bizim məktəbin şagirdləri də dərslərini evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak etməklə bilik və bacarıqlarını möhkəmləndirirlər. Əmin olun ki, xalqımızı pandemiya bəlasından qorumaq üçün böyük əzm və fədakarlıqla gördüyünüz işlərdən düşən ümid işığını indidən görürük. Biz Sizinlə güclüyük!

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından dərin hörmət və ehtiramla,

Məsiyeva Zemfira, direktor

Əhmədova Sima

İsmayılov Kənan

Behbudov Sərxan

Bilalova Nüşabə və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Hörmətli cənab Prezident.

Bəşəriyyət koronavirus pandemiyası kimi çətin sınaqla üz-üzədir. Bəzi ölkələrdə əsl insanlıq faciələri yaşandı.

Çox sevinirik ki, tərəfinizdən görülən tədbirlər nəticəsində biz belə halları kənardan seyr etdik. Sizə, həmçinin koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər kəsə, xüsusilə də həkimlərə dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək.

Siz gördüyünüz işlərlə və verdiyiniz qərarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir.

Hörmətlə,

Nuriyev Səxavət

Feyzullayev Müzəffər

Babayev İsgəndər və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı və Yuxarı Noxudlu kəndləri”.

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri dəstəkləyirik. Bu tədbirlər sayəsində hazırda ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir, sağalanların sayı hər gün daha da artır. Ölüm sayı isə digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Bu xəbərlərin bizi necə sevindirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirik.

Cənab Prezident, bu mübarizə hələ tam başa çatmayıb, amma artıq hər bir azərbaycanlı əmindir ki, Siz bütün vasitələrdə bu problemin öhdəsindən də gələcəksiniz.

Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Həsənov Rövşən

Abbasov Mübariz

Mürsəlov İsmayıl

Musayeva Jalə və başqaları.

Azərbaycan Respublikası, Daşkəsən rayonu”.

“Möhtərəm cənab Prezident.

Sizi salamlayır və dövlətimiz üçün bu çətin zamanda gecə-gündüz xalqımıza xidmət etməyinizi böyük fəxarət hissi ilə vurğulayaraq, Sizə minnətdarlığımı bildirirəm.

Bütün dünyanı sarsıtmış yeni növ koronavirusdan ən az zərər görən ölkələr sırasındayıq. Bu, Sizin diqqətinizin, qayğınızın, qətiyyətli mövqeyinizin nəticəsidir.

İnanırıq ki, karantin müddətində xalqımızın Sizin tövsiyə və tapşırıqlarınıza əməl etməsi dövlətimizi bu çətin zamanda daha da gücləndirərək, virusa qalib gəlməsinə kömək edəcəkdir.

Hörmətlə,

Məhəddinov Rafiq Əhməd oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu”.

“Çox hörmətli cənab Prezident.

Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır.

Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun.

Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik.

Hörmətlə,

Sadıqov Ramin Nizami oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Zəngişalı kəndi”.

“Çox hörmətli cənab Prezident.

Bu gün dünyanı fəlakətin bürüdüyü bir zamanda ən nəhəng dövlətlərin və onların rəhbərlərinin xəstəlik qarşısında acizliyi hamımıza məlumdur. Siz isə belə bir bulanıq, təlatümlü dünyada dərin zəka, ağıl, düşüncə nümayiş etdirərək, xalqla bir olan dünyəvi Lider olduğunuzu bir daha sübut etdiniz.

Belə ağır və məsuliyyətli günlərdə Siz hər bir vətəndaşımıza diqqət yetirirsiniz, yorulmadan onlarla daim bir yerdə olursunuz. Həmçinin Birinci vitse-prezidentimiz, çox əziz Mehriban xanımın bu çətin vaxtlarda insanlarımıza doğmalıqla, bir ana qayğısı ilə, humanistcəsinə müraciətləri soydaşlarımızda böyük mənəvi stimul və yüksək əhval-ruhiyyə yaradıb.

Biz təhsil işçiləri olaraq Sizin atdığınız hər bir addımı təhlil edir, bu gün üçün müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu təsdiqləyir və çox yüksək qiymətləndiririk.

Nəsrəddin Tusinin belə bir kəlamı vardır: “Hökmdar o zaman hökmdar olaraq qəbul edilir ki, ölkə xəstələndikdə onu müalicə etsin, sağlam olduqda isə onun sağlamlığının keşiyində dayansın”.

Hörmətli cənab Prezident, bu ifadələrin fonunda Siz zirvədəsiniz və əvəzolunmaz Lidersiniz. Odlar Yurdu Universitetinin çoxsaylı kollektivi və tələbələri öz Prezidentləri ilə qürur duyaraq əmin olduqlarını bildirirlər ki, Siz dünya miqyasında alternativi olmayan bir lider kimi qələbə çalacaqsmız. Tanrı köməyiniz olsun.

Odlar Yurdu Universitetinin kollektivi və tələbələri adından hörmətlə,

Vəliyev Əhməd Abdulkərim oğlu”.

“Möhtərəm cənab Prezident.

Koronavirus təhlükəsi gözlənilmədən sərhədlərimizə dayandı. Siz bu fəlakət gətirən virusun qarşısını almaq üçün dərhal fəaliyyətə başladınız, onun ölkəmizdə yayılmaması üçün dövlət səviyyəsində qərarlar qəbul edildi, həyati əhəmiyyətli tədbirlər görüldü.

Bu tədbirlərin nəticəsidir ki, dünyanı çökdürən pandemiyanın ölkəmizə təsiri güclü olmadı, müdrik qərarlarınız xalqımızı bu qorxunc bəladan qorudu. Xalqımız da Sizin ətrafınızda sıx birləşərək, bu xəstəliyə qarşı mübarizədə səfərbər oldu.

İnşallah, zəhmətiniz bəhrə verəcək, rəhbərliyinizlə bu sınaqdan şərəflə çıxacağıq.

Hörmətlə,

Quliyev Ramazan

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi”.

“Möhtərəm cənab Prezident.

Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır.

Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

Allah Sizi var eləsin. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əhmədov Teymur Valeh oğlu, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağsu rayonu, Xanbulaq kəndi”.

“Hörmətli cənab Prezident.

Bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyası respublikamıza da təsirsiz ötüşmədi. Lakin vaxtında görülmüş tədbirlər sayəsində bu təsirlər başqa ölkələrə nisbətən o qədər də güclü olmadı.

Sizin xalqımıza bağlılığınız imzaladığınız sərəncamlarla və verdiyiniz qərarlarla bir daha özünü doğrultdu. Belə çətin dövrdə yaşı 65-dən yuxarı vətəndaşlara yoluxmanın qarşısını almaq məqsədilə evdə sosial xidmətlərin göstərilməsi, əfv Sərəncamınız ilə 176 məhkumun öz ailələrinə qovuşması, həmçinin işsiz vətəndaşlara birdəfəlik ödənişlərin verilməsi Sizin humanistliyinizin və əvəzsiz himayənizin sübutlarıdır.

Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından və Alpout kəndinin ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qəhrəman İbrahimov

Azərbaycan Respublikası, Göyçay rayonu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR