Vüqar Bayramov: "Dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertlərinin cəlb olunması mövqeyimizi gücləndirər"

Vüqar Bayramov: "Dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertlərinin cəlb olunması mövqeyimizi gücləndirər"
# 13 noyabr 2020 16:32 (UTC +04:00)

“Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin tələb edilməsinə dair dünya təcrübəsində oxşar nümunələr var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib:

“Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyard dollarlar ilə ölçülür. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınib. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər”.

V. Bayramov bildirib ki, beynəlxalq praktika son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxunun fərdi müraciətlər əsasında reallaşdığını göstərir:

“Bu o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvəlləri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR