YAP Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib

YAP Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib
  • Clock-gray 16:38
  • calendar-gray 13 Noyabr 2020

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

APA həmin müraciəti təqdim edir:

“Zati-aliləri, müzəffər Ali Baş Komandanımız!

Doğma Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsidir.

Cəmi 44 gün davam edən müharibəyə Azərbaycan Sizin rəhbərliyiniz altında illərlə hazırlaşdı, qələbəyə lazım olan gücünü artırdı. Bir il əvvəl bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” kəlmələri xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. On minlərlə gənc vətənpərvərin Vətən torpaqları uğrunda vuruşmaq üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi, cəbhə xəttində əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunmalıdır. Etiraf edilməlidir ki, Xalqın və Ordunun Prezident və Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynayıb. 

Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırki dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. İnanırıq ki, müzəffər Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və tətbiq ediləcək.

Möhtəşəm hərbi uğurlarımızda Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasının, ölkəmizin hərtərəfli təbliğatının, Ermənistanın işğalçı siyasətinin Sizin rəhbərliyiniz və bilavasitə iştirakınızla ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsinin, eləcə də çoxsaylı diplomatik nailiyyətlərimizin xüsusi rolu ayrıca vurğulanmalıdır. Həyata keçirilən diplomatik səylər nəticəsində dünya ictimai rəyində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi Vətən müharibəsində əldə etdiyimiz böyük qələbənin beynəlxalq əhəmiyyətini ciddi şəkildə artıran amil hesab edilə bilər.  

Döyüş meydanında qazanılan hər bir tarixi qələbənin əsasında lider amili dayanır. Hamılıqla etiraf etdiyimiz gerçəklik ondan ibarətdir ki, Sizin Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalağandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.

Biz sevinir və qürur duyuruq ki, rəşadətli Azərbaycan əsgəri Qarabağ savaşı başlayan dövrdən etibarən verilən qurbanların, şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, savaş meydanında düşmənə endirilən sarsıdıcı zərbələrdən və qazanılan möhtəşəm qələbədən onların ruhları şad olur.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Cənab Prezident!

Müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz. Bu, Sizin qələbənizdir. Siz Azərbaycanın yeni tarixini yaratdınız. Tarix Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir. Siz xalqın qəlbində əbədi yaşayacaqsınız. 

Tariximizin ən möhtəşəm qələbəsinin müəllifi kimi Sizi, Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusunu, rəşadətli əsgər və zabitlərimizi, bütün xalqımızı rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri adından səmimi qəlbdən təbrik etmək bizə böyük şərəf və qürur bəxş edir.

Allah Sizi və Azərbaycanı qorusun!".

apa-logo-mini

Digər xəbərlər