YAP Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatı “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirib

YAP Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatı “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirib
# 07 oktyabr 2020 16:57 (UTC +04:00)

Oktyabrın 7-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, videokonfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov bu gün tariximizin çox məsuliyyətli və sınaq dövrünü yaşadığımızı bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını alıb, əks-hücum əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad edir. R.Məmmədov söyləyib ki, bütün xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.

Millət vəkili deyib ki, Azərbaycanın haqq mübarizəsində qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini birmənalı şəkildə bəyan edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də dövlət və hökumət qurumları, parlament üzvləri, siyasi partiyaların mövqeyi bunu deməyə əsas verir. Hər iki partiyanın gəncləri olaraq erməni işğalına son qoyulması üçün müxtəlif platformalarda aparılan mübarizə məmnunluq doğurur. Bununla belə bu mübarizəni daha da gücləndirməliyik".

Videokonfransda daha sonra çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Təşkilatının başkanı Ahmet Büyükgümüş bildirib ki, Türkiyə xalqı apardığı haqq mübarizəsində daim qardaş Azərbaycan xalqının yanındadır: "Qarabağ əzəli Azərbaycan torpağıdır və işğalçı Ermənistan bu torpaqları tərk etməlidir, erməni zülmünə son qoyulmalıdır. O, bu məsələdə dünya ictimaiyyəti Azərbaycanın ədalətli mövqeyini dəstəkləməlidir. Bizim Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin mövqeyini birmənalı şəkildə bəyan edib. Türkiyə xalqı, o cümlədən gənclər bu haqq mübarizəsində sonuna qədər dost və qardaş Azərbaycanın yanındadır”.

Daha sonra YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək təcavüzkar erməni hərbi birləşmələrinin Gəncəni ağır silahlardan atəşə tutması, bunun nəticəsində mülki insanların, infrastrukturun zərər gördüyünü bildirib.

Videokonfransda həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Salman Özboyacı, təşkilatın xarici əlaqələr şöbəsinin rəhbəri Çingizxan Güngör, YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və digərləri çıxış edərək hazırkı dövrdə hər iki dövlətin eyni mövqedən çıxış etməsinin əhəmiyyətini vurğulaylıblar. Tədbirdə qeyd olunub ki, tezliklə Azərbaycan haqlı mübarizədə qalib gələcək, Qarabağ və digər bölgələr erməni işğalından azad olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR