YAP-ın təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib

YAP-ın təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib
# 24 dekabr 2019 12:14 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən YAP icra katibi-sədr müavini Əli Əhmədov dekabrın 23-də bələdiyyə seçkilərinin keçirildiyini, YAP-ın da seçkilərdə namizədləri ilə iştirak etdiyini söyləyib.

Ə. Əhmədov deyib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti yenidən bələdiyyələrdə təmsil olunmaq üçün mandat əldə edəcəklər: “Mən YAP və YAP-ın namizədlərini əldə etdikləri qələbə münasibəti ilə təbrik etmək istəyirəm”.

YAP icra katibi qeyd edib ki, xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Biz inanırıq ki, təhsilin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək. İnanıram ki, təhsil işçiləri bu sahədə səylərini əsirgəməyəcəklər”.

Ə. Əhmədov nəzərə çatdırıb ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr tarixi həm də Prezident İlham Əliyevin doğum günüdür: “Azərbaycanın inkişafı, iqtisadi uğurlar, sosial layihələrin həyata keçirilməsi, ölkənin dünyada müasir imicinin, insanlarda gələcəyə ümidin formalaşması, ordunun gücləndirilməsi və digər nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini həyata keçirməsinin real təzahürüdür. İnsanlar aydın dərk edirlər ki, Azərbaycanın gələcəyi Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır. Ona görə də insanlar Prezident İlham Əliyevi sevirlər. Mən Prezident İlham Əliyevi konfrans iştirakçıları adından təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram. Xalqımız xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var. YAP da xoşbəxtdir ki, onun İlham Əliyev kimi sədri var”.

Təhsil naziri Ceyhun Bayramov isə təhsil sahəsində son illər həyata keçirilən islahatlar, əldə edilən uğurlar barədə danışıb. Təhsil naziri daha sonra təhsil ictimaiyyəti adından Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR