Ziyafət Əsgərov: “Bəzi həmkarlar qanunları oxumur”

Ziyafət Əsgərov: “Bəzi həmkarlar qanunları oxumur”
# 17 aprel 2020 17:26 (UTC +04:00)

“Kimyəvi silahların məhv edilməsi ilə bağlı məsələni düşünməyə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

O bildirib ki, biz kimyəvi silah hazırlamayacağımızı öhdəmizə götürürük: “Eyni zamanda kimyəvi silahların məhv edilməsini də öhdəmizə götürürük. Lakin ölkəmizdə bunun üçün müvafiq texnika yoxdur. Bu, çox bahalı və çətin prosesdir. Ya bunun üçün beynəlxalq təşkilatlara, şirkətlər müraciət etməliyik ki, bizim üçün bu işi görsün ya da bu hissəni qanundan çıxarmalıyıq”.

Millət vəkili Hicran Hüseynova bildirib ki, kimyəvi silah və bioloji silahdan istifadə edilməsi ilə bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır: “Azərbaycan müharibə şəraitində olan ölkədir. Ermənistanda Metsamor AES var. Onlar dəfələrlə bizə qarşı bu silahdan istifadə edilməsi ilə bağlı fikirlər səsləndiriblər. Ona görə də biz qonşu ölkədən olan təhdidlərə vaxtında cavab verə bilmək üçün beynəlxalq səviyyədə hansı müraciətləri etməli olduğumuzu nəzərə almalıyıq”.

Millət vəkili Ziyafət Əsgərov qeyd edib ki, bəzi həmkarlar ya qanunu oxumur ya da çıxış etmək xatirinə çıxış edir: “Bu qanunda qeyd olunan 1.3-cü maddə qeyri-kimyəvi silahlarla bağlıdır. Bunu qarışdırmaq olmaz. Bioloji və bakterioloji silahlarla bağlı bizim öhdəliyimiz yoxdur. Amma kimyəvi silahlarla bağlı konvensiyaya qoşulmuşuq və qanunu qəbul etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR