Paşinyanın açıqlamaları Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır - MÖVQE

Paşinyanın açıqlamaları Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır - MÖVQE
# 28 avqust 2019 16:30 (UTC +04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyan daxili, regional və beynəlxalq siyasəti bilməyən adamdır. Onun atdığı addımların hamısı bir-birinin əleyhinədir”.

Bunu APA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımları ilə təhrik edir ki, yenidən müharibə başlasın: “Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi ərazisidir və əvvəl-axır da Azərbaycanın olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ - Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır. Paşinyanın bu açıqlaması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrə, ATƏT-in, Avropa Şurasının, NATO-nun qərarlarına ziddir. Çünki beynəlxalq hüquqda ərazi bütövlüyü birinci prinsipial məsələdir. Paşinyan naşı siyasət aparmaqla beynəlxalq hüquq normalarını pozur, xalqlar arasında gələcəkdə yarana biləcək münasibətə xələl gətirir”.

S. Novruzov qeyd edib ki, N.Paşinyan Ermənistanda özünün daxili reklamı ilə məşğul olmağa çalışır: “Amma hər verilən bəyanata dünya baxır və qiymətləndirir. Təkcə onun elə bu danışığına görə, Azərbaycana tam şəkildə hüquq verilir ki, istənilən vaxt beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü təmin etsin”.

Milli Məclisin deputatı, YAP üzvü Hikmət Babaoğlu isə APA-ya deyib ki, Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib: "Belə məlum olur ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib. Çünki Ermənistanın Baş naziri Xankəndinə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanıdığını bildirərək əslində işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi, Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib. Bu, müharibəyə təhrikdir və belə məsuliyyətsiz və provokativ bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə, onu mütləq alacaqlar! Hələlik isə bütün dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir. Dünyada işğalçı ölkəni işğalçılıq siyasətindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var və bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir".

Deputat təəssüf hissi ilə bildirib ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələr əsasında həllinə məcbur etmir: “Ona görə də hazırkı vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir. Regiona və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək”..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR