Avropa İttifaqı MOBİL AZ-2 layihəsinin maliyyələşdirilməsinə razılıq verib

Avropa İttifaqı MOBİL AZ-2 layihəsinin maliyyələşdirilməsinə razılıq verib
# 27 iyun 2019 12:46 (UTC +04:00)

Azərbaycan ilə Avropa İttifaqı arasında Yerdəyişmə üzrə tərəfdaşlığa dair konfrans və Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək (MOBİLAZE) layihəsinin bağlanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, konfransda çıxış edən Mobil AZE layihəsinin koordinatoru Violetta Vaqner layihənin əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq inama və dostluğa əsaslanır, bu layihənin həyata keçirilməsində Azərbaycandan olan güvənilən tərəfdaşların aparıcı rolu olub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək bildirib ki, qlobal dünyada miqrasiya və yerdəyişmə aktual məsələlərdən biridir və bu sahə düzgün tənzimlənmədikdə ciddi problemlərlə nəticələnə bilər. O bildirib ki, bu sahədə ölkələr arasında əməkdaşlıq vacibdir və Azərbaycanla Avropa arasında bu sahədə əməkdaşlıq sıx və hərtərəflidir. Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, Aİ və Azərbaycan arasında miqrasiya və yerdəyişmə sahəsində əməkdaşlıq hüquqi çərçivədə güclənib. Aİ və Azərbaycan arasında 2013-cü ildə imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yerdəyişmə proseslərini və insanlarası əlaqələri dəstəkləyib və bu sahədə proseslərin səmərəli şəkildə idarə olunmasına töhvə verib.

Vüsal Hüseynov bu layihənin ikinci mərhələsinin davam edəcəyini əlavə edib. O bildirib ki, MOBİL AZE - 2 layihəsi hazırlanır və bu sahədə müzakirələr aparılır. Miqrasiya Xidmətinin rəisi bu cür layihələrin ümumi marağa xidmət etdiyini deyib.

Konfransda çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Azərbaycan hökumətinin müraciətini müsbət qarşılayan Aİ MOBİL AZE-2 layihəsinin maliyyələşdirilməsinə qərar verib. "Azərbaycan tərəfi MOBİL AZE-2 nin həyata keçirilməsi üçün Miqrasiya Siyasəinin İnkafı ilə bağlı Beynəlxalq Mərkəz və onun Bakıdakı ofisi ilə səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır" deyə Ramiz Həsənov bildirib.Nazir müavini qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan arasında insanların yerdəyişməsinin asanlaşdırılması ikitərəfli münasibətlərdə vacib istiqamətlərdən biridir.

O bildirib ki Aİ və Azərbaycan arasında bu sahədə imzalanan sazişlər miqrasiya və yerdəyişmə sahəsində praktiki işlərin görülməsini sürətləndirir.
Nazir müavini Azərbaycan hökumətinin digər sahələrdə olduğu kimi miqrasiya və yerdəyişmə sahəsində də Avropa ilə əməkdaşlığın və dialoqun davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Ramiz Həsənov Azərbaycan və Aİ-yə üzv ölkələr arasında qarşılıqlı əməkdaşlıq mövcud olduğunu və bu əlaqələrin daha da dərinləşəcəyini deyib. Nazir müavini Azərbaycanın tərəfdaşlıq çərçivəsində qeyri-qanuni miqrasiya, insan alverinin qarşısının alınması istiqamətində Aİ ilə öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.

Daha sonra konfransda çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, bu layihənin yaxşı nəticələr verməsinə çox məmnundur.

"Layihə Azərbaycanda miqrasiya siyasətinin idarə olunmasının inkişafına kömək etmişdir", - deyə o qeyd edib.

Aİ nümayəndəsi bildirib ki, miqrasiya siyasəti sahəsində inkişaf Aİ-nin Azərbaycanla bağlı hesabatında qeyd olunub.

K.Yankauskas miqrasiya və yerdəyişmə sahəsində əməkdaşlığın bütün tərəflər üçün səmərəli və vacib olduğunu vurğulayıb.

Aİ nümayəndəsi Avropanın Azərbaycanla əməkdaşlığın qaz və neft sektorundan transport, xalqlararası münasibətlər sahəsində də dərinləşdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR