Azər Badamov: “Azərbaycan müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkədir” - MÜSAHİBƏ

Azər Badamov: “Azərbaycan müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkədir” - MÜSAHİBƏ
# 18 iyul 2019 12:21 (UTC +04:00)

Milli Məclisin 51 saylı Qusar seçki dairəsindən deputatı Azər Badamovun APA-ya müsahibəsi.

- Əvvəlcə deputat fəaliyyətiniz haqqında danışaq. Necə düşünürsünüz, seçiciləriniz bir deputat kimi Sizdən razıdırmı?

- Əvvəla onu qeyd edim ki, bu sualı seçicilərimə ünvanlasaydınız, daha doğru cavab alardınız. 2010-cu ildə namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyası (YAP) və seçicilərimin yüksək dəstəyi ilə Milli Məclisə üzv seçilmişəm. Əgər seçicilərim fəaliyyətimdən razı olmasaydı, ikinci dəfə seçilməyim üçün mənə səs verməzdilər. Milli Məclisə seçilməyimdən əvvəl də sadə insanların arasında olmuşam. Çalışdığım sahə xidmət sahəsi olduğundan hər bir seçicim məni yaxından tanıyır. İnsanlara xidmət etməyə öyrəşdiyimdən deputat seçiləndən sonra da insanların xidmətində dayanmaqdan zövq alıram. Seçildiyim ilk gündən çalışmışam ki, seçicilərimə yaxın olum və ölkənin siyasi-ictimai həyatında yaxından iştirak edim.

- Seçicilərinizin sosial, iqtisadi və digər sahələrdə qarşılaşdıqları problemlərin həlli üçün dövlət qurumlarına müraciətlərinizə necə reaksiya verilir?

- Deputat olduğum 9 ilə yaxın bir müddətdə seçicilərimin problemləri ilə bağlı müxtəlif dövlət qurumlarına yüzlərlə müraciətim olub. Demək olar ki, hökumət üzvlərinə və dövlət qurumların rəhbərlərinə etdiyim zənglərdən cavabsız qalanı olmayıb. Rəsmi müraciətlər də prosedur qaydalarına uyğun cavablandırılıb və vaxtında reaksiya verilib. Elə müraciətlərim olub ki, qısa zamanda öz həllini tapıb. Elə müraciətlər də olub ki, dövlət sosial-iqtisadi inkişaf proqramına salınıb və müəyyən müddətdən sonra həll olunub.

- Təmsil etdiyiniz rayonda daha çox hansı sahələrdə problemlər nəzərə çarpır? Bu problemlərin həlli üçün hansı təklifləriniz var? Bu istiqamətdə hansı addımları atırsınız?

- Problemsiz həyat yoxdur. Cəmiyyət inkişaf etdikcə, həllini gözləyən yeni məsələlər ortaya çıxır və bununla bağlı seçicilər müraciət edirlər. Məsələn, əvvəllər insanlar yollara çınqıl döşənməsini və hamarlanmasını istəyirdilərsə, indi asfalt yollar istəyirlər. Son 9 il ərzində Qusar rayonunda bir çox məsələ həll olunub. Təbii ki, bütün məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qusara olan xüsusi diqqəti və qayğısı sayəsində öz həllini tapıb. Əsas yollar asfaltlanıb, təhsil müəssisələrinin əksər hissəsi yenidən qurulub, mərkəzi xəstəxana yenidən tikilib, rayonun qazlaşması aparılır, şəhərin içməli su və kanalizasiya problemi öz həllini tapıb. Amma bununla yanaşı, müəyyən məsələlər də qalmaqdadır. Məsələn, Quxuroba kənd tam orta məktəbinin yenidən qurulması ilə bağlı Təhsil nazirinə müraciət etmişəm, yolların yenidən qurulması və kəndlərin qazlaşdırılmasının sürətləndirilməsi ilə də bağlı müraciətlərim olub. Qusar aqrar rayon olduğundan rayonda emal müəssisələrinin tikintisinə böyük ehtiyac var və bu məsələni hökumətin hesabat iclaslarında diqqətlərinə çatdırmışam. Elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması ilə bağlı müraciətlərim də var. Ümumiyyətlə, inkişaf özü ilə yanaşı, yeni problemlər də meydana gətirir. Əsas məsələ həmin problemlərin aradan qaldırılmasıdır ki, bu da mərhələli şəkildə həll olunur.

- Parlamentin iclaslarında o qədər də aktiv deyilsiniz, nadir hallarda çıxış edirsiniz. Sizin aktiv deputat olmadığınız barədə fikirlərlə razısınızmı? Parlamentin iclaslarında niyə az-az çıxış edirsiniz?

- Deputat fəaliyyətimi kiminsə məni aktiv və ya passiv deməyinə görə qurmamışam. Ola bilər ki, kimsə fəaliyyətimlə yaxından tanış deyil, buna görə də aktiv olduğumu görmür. Bunu təbii hal hesab edirəm. Parlament iclaslarında çıxışlarımla əlaqədar qeyd etmək istəyirəm ki, demək olar, Regional məsələlər və Gənclər və idman komitələrinin bütün iclaslarında müzakirə olunan məsələlərə münasibətimi bildirirəm. Plenar iclaslarda mütəmadi olaraq müvafiq məsələlərlə bağlı çıxışlar edirəm və təkliflərimi səsləndirirəm. Televiziya kanallarında həftədə iki və ya üç dəfə sosial-iqtisadi məsələlərlə bağlı canlı yayımda oluram. Hər gün mətbuatda müsahiblərim dərc olunur. Mütəmadi olaraq da seçicilərimi qəbul edirəm, görüşlər keçirirəm. Yəni, demək istədiyim odur ki, deputatın görməli olduğu işləri edirəm. Mənim fəaliyyətimə seçicilərimin və təmsil olunduğum siyasi partiyanın verdiyi dəyəri özüm üçün əsas hesab edirəm.

- Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların birgə, mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır. Bununla belə, müxtəlif hesabatlarda etnik azlıqların, dini icmaların müəyyən problemlə üzləşdiyinə dair fikirlər əksini tapır. Belə fikirləri necə qarşılayırsınız?

- Özünüz də qeyd etdiyiniz kimi Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların birgə, mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Humanitar Forumlar keçirilir. Bu forumlarda ölkəmizdəki tolerant və multikultural mühit barəsində məlumatlar iştirakçıların diqqətinə çatdırılır və dünyada bu mövzuda problemlərin aradan qaldırılması ilə bağlı fikirlər müzakirə olunur. Azərbaycan dünyanı multikulturalizmə dəvət edən nadir ölkələrdəndir. Eyni zamanda ölkədəki daxili mühitdən burda yaşayan bütün milli azlıqların və dini konfessiyaların nümayəndələri razıdırlar. Azərbaycan həm də müstəqil ölkə olaraq, qısa bir zamanda böyük inkişaf yolu keçib. Ölkədə siyasi sabitlik təmin olunub. Bəzi gözü götürməyən xarici dairələr istəyirlər ki, müxtəlif yollarla siyasi sabitliyi pozsunlar, iqtisadiyyatımızı dağıtsınlar və ölkəmizi müharibə ocağına çevirsinlər. Onlar öz istəklərini müxtəlif yollarla həyata keçirmək istəyirlər. Onlar radikal müxalifəti maliyyələşdirərək qızışdırmaqla, sosial şəbəkələrdə dövlətin əleyhinə təhqir dolu yayımlar etməklə, yaydıqları hesabatlarda etnik azlıqların və dini icmaların müəyyən problemlərlə üzləşməsini qeyd etməklə, buna nail olmaq istəyirlər. Amma bu gün hər bir Azərbaycan vətəndaşı belə hərəkətlərə qarşıdır. Həm də belə ünsürlərin arxasınca öz qohum-əqrəbalarından başqa gedən də yoxdur. Dövlətin siyasəti vətəndaşın rifahının yaxşılaşmasına yönəlib. Mütəmadi olaraq əmək haqları, pensiyalar artırılır, vətəndaşlarımızın sosial vəziyyəti günü-gündən yaxşılaşır. Hamı da Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin güclənməsini və inkişafını istəyir. Ölkəmizin inkişafını istəməyənlərin arzuları isə gözündə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR