"Bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir" - RƏY

"Bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir"  - RƏY
# 01 avqust 2019 14:10 (UTC +04:00)

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə çox önəmlidir və çox mühüm əhəmiyyət kəsb edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova bildirib.

Deputat deyib ki, bu, il ərzində Azərbaycan Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən ikinci müşavirədir: “Bu ilin fevral ayında keçirilən müşavirənin də ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olub. Çünki həmin müşavirədən cəmi bir neçə gün sonra Prezident tərəfindən tarixi fərman, yəni, problemli kreditlərin həllini nəzərdə tutan məlum sənəd imzalanıb. Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılıb, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıb. Dünənki müşavirədə bütün sahələrə toxunuldu. Göstərilən rəqəmlər, səsləndirilən fikirlər, qarşıda duran məqsədlər, vəzifələr və s. hamısına aydınlıq gətirildi. Prezident müşavirədə bir məqama diqqəti çəkdi. Dedi ki, bu, hələ o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yəni biz bu istiqamətdə yeni-yeni uğurlara imza atmaq üçün dünya təcrübəsindən, bu sahədə olan beynəlxalq təcrübələrdən müsbət mənada yararlanmalıyıq. Təbii ki, bütün bunların hamısı bir məqsədə - ölkəmizin, dövlətimizin bütün sahələrdə inkişafına, güclənməsinə və insanlarımızın maddi, sosial durumunun yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə hələ görüləsi işimiz çoxdur. Prezident müşavirədə bunu xüsusilə qeyd etdi və tapşırığını verdi. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın çox uğurlu, sürətli inkişafından xəbər verir”.

D.Cəbrayılova qeyd edib ki, bu müşavirə ölkənin sosial-iqtisadi inkişafında, islahatlar prosesinin yeni mərhələyə keçməsində böyük və müsbət rol oynayacaq, qısa zamanda öz müsbət töhfələrini verəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili APA-ya bildirib ki, 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Onun sözlərinə görə, bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, yeni müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar: “Son 6 ayın iqtisadi yekunları mühüm nəticələrə gəlməyə imkan verir. Birincisi, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstərib. Ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 milyard dollar artması deyilənlərə sübutdur. İkincisi, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib, iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha artırıb. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 milyon manat artması, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması deyilənlərə sübutdur. Üçüncüsü, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondan çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olub, əhalinin gəlirləri isə 6.6% artıb. Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbər verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, YAP-ın Ağdaş Rayon Təşkilatının sədri Cavid Osmanov APA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyev müşavirədə regionların inkişafına daha çox diqqət yetirilməsini vacib sayıb: “Dövlət başçısı regionların sosial iqtisadi inkişafının artırılması ilə bağlı ciddi addımların atılması və qarşıya qoyulan vəzifələrin icra edilməsi ilə bağlı ciddi tapşırıqlar verdi. Regionların sosial iqtisadi inkişafına dair 3 dövlət proqramı artıq yekunlaşıb, icra edilib, 4-cü dövlət proqramının icrasına başlanıb. Regionların sosial iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramlarının icrası nəticəsində ölkədə 2 milyona yaxın yeni iş yerinin açılması təmin olunub. Bunlardan 1 milyon 500 mini daimi iş yeridir. Ötən müddətdə 3200-ə yaxın yeni məktəb binası tikilib, yaxud əsaslı təmir olunaraq istifadəyə verilib. 15 min kilometrə yaxın yol yenidən qurulub, 600-dən çox yeni xəstəxana binası tikilib və ya əsaslı təmir olunub. Bu kimi sosial layihələr ölkəmizin hər bir bölgəsində icra olunub. Regionlarımızda sənaye parklarının, sənaye məhəllələrinin, yeni istehsal müəssisələrinin yaradılması regionların inkişafını təmin edir. Dövlət başçısı müşavirədə bir daha tapşırıq verdi ki, regionlarda yeni iş yerləri açıqlsın, istehsal müəssisələri yaradılsın, sosial obyektlər tikilsin, əsaslı təmirə ehtiyacı olan sosial obyektlər təmir edilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR