® Deputatlığa namizəd Fariz Cəmili: “Azərbaycanda islahatlar uzun illərdir davam edir” - FOTOSESSİYA

® Deputatlığa namizəd Fariz Cəmili: “Azərbaycanda islahatlar uzun illərdir davam edir” - FOTOSESSİYA
# 03 fevral 2020 10:41 (UTC +04:00)

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd Fariz Cəmili 1973-cü ildə Göyçay şəhərində anadan olub. 1980-1989-cu illərdə 2 saylı orta məktəbdə, 1989-1990-cı illərdə 1 saylı Respublika fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub. Ankarada Qazi Universitetində Beynəlxalq iqtisadiyyat və idarəetmə fakültəsində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ali təhsil alıb. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində Su təsərrüfatı və mühəndis-kommunikasiya sistemlərini fakültəsini bitirib. 2004-cü ildə respublikanın bir sıra rayonlarında infrastruktur və tikinti layihələrinin icrasına rəhbərlik edib.

- Azərbaycanda aparılan islahatları necə qiymətləndirirsiniz?

- İslahat yenilik mənasına gəlsə də, Azərbaycan üçün yeni bir söz deyil. Azərbaycanda islahatlar artıq uzun illərdir davam edir. Biz Azərbaycanda islahatın yeni dalğasını görürük. Hətta 15 il bundan qabaq ölkəmizdə ciddi iqtisadi islahatlar başladı. İnfrastruktur layihələrin həyata keçirilməsi, yolların çəkilməsi, su və kanalizasiya layihələrinin icrası ilə iqtisadiyyatımıza ciddi bir nəfəs gəldi. 2018-ci ildə keçirilən prezident seçkilərində anons edildiyi kimi islahatın yeni dalğası başlandı. İslahatın yeni dalğası kimi 2019-cu ildə Azərbaycan hökumətində, Nazirlər Kabinetində, Prezident Administrasiyasında çox ciddi dəyişikliklərin şahidi olduq. Hazırda ərəfəsində olduğumuz parlament seçkiləri bu islahatın davamıdır. Seçki kampaniyasında “İslahata davam!” şüarımızı da buna uyğun şəkildə seçdik.

- İslahatlar nöqteyi-nəzərdən Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsini necə dəyərləndirirsiniz?

- Milli Məclis ölkəmizin qanunverici orqanıdır. Bütün islahatların qanun infrastrukturu təmin olunmalıdır. Ona görə də Milli Məclisin əvvəlki strukturu, əvvəlki baxışı bu islahatlara ayaq uydurmaqda çətinlik çəkirdi. Milli Məclisin işi sadəcə, qanunlara səs vermək, yaxud onu qəbul etməkdən ibarət deyil. Milli Məclisdəki deputatların vəzifəsi eyni zamanda hökumətlə xalqın arasında bir körpü, dialoq funksiyasını öz üzərinə götürməlidir. Əgər hökumət qərarlarında ölkədə, iqtisadiyyatda, yerlərdə baş verən hadisələri nəzərə almazsa, aparılan islahatların nəticəsi zəif ola bilər. Yaxud aparılan islahatlar, qəbul edilən qərarları, qanunlar yerlərdə insanlara düzgün izah edilməzsə, bu halda da istənilən nəticə əldə olunmaz. Ona görə də bu islahatlar çərçivəsində parlamentə seçkiləri çox yüksək qiymətləndirirəm. Bunu diqqətə alaraq, düşündüm ki, ölkəmizin, xalqımızın, dövlətimizin xidmətində olmaq bizim üçün bir şərəf olar. Belə bir şans istədik, müraciət etdik, deputatlığa namizədliyimiz qəbul edildi. Hazırda seçki kampaniyamız davam edir.

- Seçkilərdə iştirakınızı nə üçün zəruri saymısınız?

- Hesab edirəm ki, xalqın hər bir övladı təbii ki, bacardığı səviyyədə öz xalqına xidmət etməyə borcludur. Əgər bir insan fəaliyyət göstərdiyi sahədə faydalıdırsa, daha böyük faydalar verə bilərsə, geri çəkilməməlidir. Bu gün ölkəmizdə baş verən proseslərin şahidi kimi əminliklə deyə bilərəm ki, bilik və təcrübələrimi xalqımın xeyrinə istifadə edə bilərəm. Ona görə də bu seçkilərdə namizəd olmağa qərar verdim. Hesab edirəm ki, xalqımız etimad göstərəcək, dövlətimizin, xalqımızın xidmətində olmağımıza şans yaradacaq.

- Ötən dövr ərzində seçkilərin təşkili hansı səviyyədə olub? Bu sahədə Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının fəaliyyəti Sizi razı salırmı?

- Əslində mənim namizəd olduğum 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyası ilə ünsiyyətimiz çox yüksək səviyyədədir. Çox mədəni şəkildə bizi qəbul etdilər və bütün proseslər qanunvericiliyimizə uyğun şəkildə həyata keçirdilər. Ona görə də ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına müraciət etməyə ehtiyacımız olmadı. Bizim elə bir mübahisəli məsələmiz olmadığına görə işlərindən çox razı qaldıq. Hətta bir neçə gün əvvəl ATƏT-in daimi müşahidəçiləri bizim seçki qərargahında oldular. Müşahidəçilər də buna bənzər, hətta bir az fərqli formada sual verdilər. Sual verdilər ki, seçkilərin ədalətli keçəcəyinə inanırsınızmı. Mən onlara da sadə cavab verdim. Dedim ki, inanmasaydım, niyə namizəd olurdum. Mən seçkilərin şəffaf təşkil edildiyinə və düzgün nəticələrin ortaya qoyulacağına inanıram.

- Seçicilərin və namizədlərin seçki mədəniyyətini necə qiymətləndirirsiniz?

- Məncə, əsas namizədlərin seçki mədəniyyətidir. Çünki hər bir namizəd seçki kampaniyasında iştiraka qərar verməzdən öncə diqqətli bir şəkildə atacağı addımı ölçüb-biçməlidir. Düşünməlidir ki, mən kiməm, imkanlarım, potensialım hansı səviyyədədir, bu günə qədər nə iş görmüşəm, xalqa necə fayda vermişəm və bundan sonra necə fayda verə bilərəm. Daha sonra da öz auditoriyasını, öz seçki dairəsinin ərazisində yaşayan insanların həyat şəraitini yaxından izləməlidir. Eyni zamanda ərazini yaxşı tanımalı, bununla bağlı ciddi araşdırmalar aparmalıdır. Məhz bundan sonra öz seçki platformasını formalaşdırmalıdır. Mətbuatdan, sosial mediadan bir çox namizədləri, ö cümlədən dairəmizdəki namizədləri müşahidə etmək imkanı olur. Əfsuslar olsun ki, namizədlər kifayət qədər hazırlıqlı deyillər, yaxud da bu məsələni dərindən idrak edə bilmirlər. Məsələ budur ki, bir deputatlığa namizədin məqsədi deputat seçilmək olmamalıdır. Namizədin məqsədi xalqa xidmət olmalı, xalqa hansısa faydaları verə bilməlidir. Söhbət o şəxsin öz beyin məhsulu, bilik və bacarığı, o cümlədən təcrübəsindən gedir. Deputat mandatı da bunun üçün bir vasitə olmalıdır. Amma görürəm ki, namizədlərin əksəriyyətinin əsas məqsədi deputat seçilməkdir. Lakin o məqsədə çatandan sonra nə edəcəkləri barədə isə bir fikirləri yoxdur.

- Öncəki parlament seçkiləri ilə müqayisədə daha çox namizədliyini irəli sürənlər, canfəşanlıq edənlər var. Namizədlərin də sırasında daha çox gənclər üstünlük təşkil edir. Bunu necə qiymətləndirirsiniz?

- Bunu müsbət qiymətləndirirəm. Ölkəmizdəki islahat ab-havasının daha gur inersiya ilə gəlməsi insanlarımızda seçkiyə inamı artırdı və öncəki parlament seçkilərindən fərqli olaraq bu qədər çox sayda namizəd oldu. Əks təqdirdə insanlar bu seçkidən uzaq durar, namizədliyini verməzdi. Çünki heç kəs namizədliyini vermək, seçkidə iştirak etmək məcburiyyətində deyil. Bu, bir inamın təzahürüdür.

- Namizədliyini irəli sürən şəxslərin həmin seçki dairəsini yaxşı tanımalı, o ərazidə yaşayan insanların həyat şəraiti barədə məlumatlı olmasını vacib sayırsınız. Həqiqətən bəzi şəxslər var ki, namizədliklərini irəli sürdükləri ərazini tanımırlar, həmin seçki dairəsində neçə kəndin olmasından belə xəbərsizdirlər. Bu baxımdan bu məsələyə daha geniş şəkildə bildirməyinizi istərdik.

- Obrazlı desək, təsəvvür edək ki, bir xəstə bir həkimə müraciət edir, həkim isə onu müayinə etmədən ona dərman yazır. Ərazini tanımadan, xalqın yaşamı, problemləri barədə məlumatlı olmadan, ölkədə baş verən prosesləri izləmədən, tam araşdırma aparmadan nəsə etmək, nəsə demək müayinə etmədən resept yazan həkimin davranışına oxşayır. Ona görə də hər bir namizədin borcudur ki, mütləq seçkiqabağı dövrdə ərazini diqqətlə araşdırsın. Hətta namizəd olmağa qərar verməzdən əvvəl baxmalıdır ki, həmin dairədə yaşayan insanlara bir fayda verə bilərmi. Bu sualın cavabı müsbət olarsa, ondan sonra namizəd olmağa qərar verməlidir. Əgər insanların həyatına, rifahına, arzularına cavab verə bilməyəcəksə, insanların həyatında bir damla olsa belə, fayda yayda yarada biləcəyindən əmin deyilsə, namizədliyi verməyin heç bir mənası yoxdur.

- Namizədlər bəzən vəd verirlər ki, seçilsə yol çəkəcək, xəstəxana, məktəb tikdirəcək. Hətta bir az da irəli gedənlər var, seçicilərə onları işə düzəldəcəklərini söyləyirlər. Bu, deputatlığa namizədlər üçün məqbul vədlərdirmi?

- Bir insan nə iş gördüyünü əvvəlcə özü bilməli, başa düşməlidir. Qanunvericiliyimizdə namizədin, o cümlədən deputatın səlahiyyəti bəllidir. Heç bir namizədin yol, su xətti çəkmək, məktəb, xəstəxana tikmək kimi səlahiyyətləri yoxdur. Namizəd hər şeydən əvvəl siyasi etikaya riayət etməlidir. Məncə, siyasi etika edə bilməyəcəyin vədləri verməməkdir. Əgər xalqın qarşısına çıxaraq müəyyən vədlər verirsənsə, yüz dəfə ölçüb-biçmək lazımdır. Bir misal çəkim. Dünən Ağdaşın Tofiqi və Cardam kəndlərində sakinlərlə görüşüm oldu. Sakinlərin ən böyük şikayətlərindən biri bu idi ki, namizədlər seçki kampaniyası zamanı gəlir, üzlərini bir-iki dəfə görürlər, sonra onlar yoxa çıxırlar, seçildikdən sonra üzlərini görmürlər. Mən onlara söz verdim ki, hətta seçilməsəm belə, hər bayramda kəndinizə qonaq olacam, bunun üçün deputat olmağa da ehtiyac yoxdur. Mənim borcumdur ki, o insanlarla maraqlanım və bundan sonra da maraqlanacam.

- Seçki platformanız hansı prinsiplərə əsaslanır?

- Seçki platformamızı müəyyənləşdirməzdən əvvəl ərazidə ciddi araşdırmalar apardıq. Əhalinin əsas qayğıları, ən çox narahat olduqları məsələlər hansılardır, bunları araşdırdıq. Seçki platformamızda 6 hədəf və 6 layihə yer alıb. Niyə 6 hədəf və 6 layihə deyirik? Hamı platforma deyir, mən platforma sözündən istifadə etmirəm. Xalqımızın dilimində hədəf və layihə daha asan başa düşülür. Araşdırmamız zamanı məlum oldu ki, birinci, əhali deputatı seçkidən sonra görə bilmir, ünsiyyət olmur. 5 milyon seçici, 125 deputat mandatı varsa, orta hesabla 40 min seçiciyə bir deputat müəyyən olunur. Şəxs niyə deputat seçilir? Roma Senatından tutmuş, müasir dövrümüzdə demokratiyanın əsasını təşkil edən bütün təmsilçilik sistemlərində bir prinsip var. Azərbaycanın timsalında 40 min insanın hər birinin qəbul edilən qanunlara öz fikrini bildirməsi qeyri-realdır. Yaxud baş verən proseslərlə əlaqədar 40 min insanın fikrini öyrənmək çox çətindir. Onların arasından nümayəndə müəyyən olunur və hazırkı sistemdə biz ona deputat deyirik. Həmin deputat o insanların nəbzini mütəmadi yoxlamalı və həmin insanlarla ünsiyyətdə olduğu üçün onların fikrini səsləndirməlidir. Deputat xalqın təmsilçisi olduğu üçün əslində öz fikrini deyil, xalqın fikrini səsləndirməlidir. Ona görə də biz dedik ki, deputatla seçici arasında daimi ünsiyyəti təmin etməli, bu ünsiyyəti inkişaf etdirməliyik. Biz bunu bir hədəf kimi qarşıya qoyduq. Amma biz bu hədəfə nail olmağın həllini də ortaya qoymalıyıq. Mən müşayiət edirəm ki, namizədlər, daha çox isə müxalif namizədlər deyir ki, hər şey problemlidir. Bütün problemləri sadalayır, amma o problemin həlli yollarını sadalamırlar, problemlərə praqmatik həll yolları ortaya qoya bilmirlər. Bu, qeyri-peşəkarlıqdır. Biz platformamızı komandamızla hazırlayanda dedik ki, əgər biz seçilə bilsək, deputat olduğumuz müddətdə seçki dairəmizin ərazisində daimi bir ofis fəaliyyət göstərsin. O daimi ofisdə bir nəfər olacaq. Əhalimiz istədiyi iş günlərində istənilən saat ofisdə həmin şəxsə müraciət edəcək. İnsanların şikayəti, tələbi, bir problemi ola bilər. İnsanlar ofisə gələn zaman müraciətlərinin hamısı qeydə alınacaq. İnsanlarla bizim aramızda həmin ofis vasitəsi ilə gündəlik əlaqə olacaq və həmin müraciətlər bizə çatdırılacaq. Biz müraciətləri gündəlik oxuyacaq və ən qısa müddətdə, maksimum 3 gün ərzində müraciətə cavab verəcəyik. Mümkün olduğu qədər ən qısa müddətdə göstərə biləcəyimiz dəstəyi də göstərəcəyik. Hər bir seçicinin parlamentə gələrək deputatı ilə görüşmək məcburiyyəti olmayacaq. Çünki həmin insanların bəzən o yolu gəlməyə də imkanı olmur. Mən dünən Cardam kəndində görüşdə məlum oldu ki, bir vətəndaşımız ayağından əməliyyat olunub, hərəkət etməsi çətindir. O insan öz deputatı ilə görüşmək üçün Bakıya gəlmək məcburiyyətində qalır. Deputat xalqın ayağına getməlidir, xalq deputatın ayağına gəlməli deyil. Deputatın borcudur ki, seçildiyi dairədə daimi bir ofisi olsun. Ondan sonra ən azı ayda bir dəfə, hər bayramda mütləq əhali ilə görüşməlidir. Bu, çox ağır bir şey deyil. Ayda bir gün ayırsaq, bizim bölgəmizlə Bakının arası 2-2,5 saat yoldur. Allaha şükür, yollarımız da yüksək keyfiyyətdədir. Prezidentimizin də qeyd etdiyi kimi, yollarımıza görə dünya üzrə artıq 27-ci sıradayıq. Bu, çox möhtəşəm bir göstəricidir. Nəzərə alsaq ki, köhnə sovet məkanındakı ölkələrin heç bir hələ bu göstəriciyə nail ola bilməyib. Əhalimizin ən böyük problemlərindən biri də işsizlikdir. Bizim rayonumuz vaxtilə əslində sənaye və maarif mərkəzi olub. Göyçayda əyricilik, tikiş fabriki, şirə, konserv, konyak və süd zavodları olub. Eyni zamanda bir çox tikinti müəssisələri fəaliyyət göstərib. Həmin tikinti müəssisələrinin nəzdində də istehsalat obyektləri olub. Təhsil sahəsində 58 və 106 saylı peşə məktəbləri olub. Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu olub ki, hazırda onun bazasında Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci təşkil olunub. Düzdür, bunların bir qismi fəaliyyət göstərir, amma onları daha da canlandırmaq mümkündür. Ona görə də bölgəmizdə bir sənaye parkının qurulmasını qarşımıza bir hədəf kimi qoymağı düşündük. Bunu hədəf kimi müəyyənləşdirmişik, layihə hissəsində isə demirik ki, sənaye parkını quracağıq. Deyirik ki, əlaqədar qurumlarla bu barədə iş aparacağıq. Çünki deputat sənaye parkını qurmur. Deputat xalqın adından İqtisadiyyat Nazirliyinə, əlaqədar dövlət qurumlarına müraciət edir və bu istiqamətdə addımların atılmasına çalışır, prosesi izləyir, həll yolları təklif edir. Hədəfə çatanda da əhaliyə deyir ki, söz vermişdim, nəticəsi də bu oldu. Yaxud söz vermişdim, bu işi apardım, bu mərhələyə qədər gətirə bildim, növbəti mərhələdə bunu tamamlaya biləcəyik.

Dairəmizdə seçicilərimizin yarıdan çoxunu kənd əhalisi təşkil edir. Kəndlilərimizin böyük əksəriyyətinin bu gün əsas problemi izafi dəyəri aşağı olan məhsullar istehsal etmələridir. Kəndli bu gün sırf əkinin maya dəyərinin aşağı olması üçün taxıl, buğda, arpa, yaxud yonca əkir və əldə etdiyi gəlir də məhduddur. Rəqəmlərlə ifadə etsək, təsəvvür edin ki, bir hektar ərazidə şumlanma, malalanma, toxumun satın alınması, səpilməsi, gübrəsi, dərmanlanması, sonra da biçilməsi üçün bir il ərzində 600-700 manat pul xərcləmək lazımdır. Kəndli xərclədiyi bu pulun müqabilində 3-4 ton buğda əldə edir. Bu buğdanı da biçin zamanı 40 qəpikdən sata bilsə, 1200-1600 manat arasında gəlir əldə edir. 600-700 manat müqabilində 1200-1600 manat gəlir əldə etmək o deməkdir ki, 10 ay bir hektara qulluq etməyin qarşılığında 600-1000 manat arasında bir qazancı olur. Bu vəsaiti də ilə bölsək, bir ay üçün 50-80 manat gəlir olur. Bu da simvolik bir gəlirdir. Təbii ki, bu, kəndlinin dolanışığını təmin edə bilməz. Mən onun yerinə kəndli –sənayeçi koordinasiya mərkəzi layihəmizi təklif etdim. Dedim ki, bu, bizim kəşfimiz, qeyri-adi ideya da deyil, dünyada tətbiq olunan bir metoddur. Məsələ ondadır ki, kəndlinin əkin investisiyasına imkanı məhduddur. Bəli, hazırda ölkəmizdə Kənd Təsərrüfatı Nazirliyinin apardığı ciddi işlər var, bu barədə məlumatlıyıq. “Kənddən şəhərə”, “Şəhərdən kəndə” layihələri var və bunlar çox uğurlu layihələrdir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti çox ciddi işlər aparır. Amma dövlətə də bu sahədə dəstək olmaq lazımdır. Mən dedim ki, bizim kənd təsərrüfatı məhsullarını istehsal edən sənaye şirkətlərimiz, məsələn, tərəvəzlərdən müxtəlif məhsullar istehsal edən konserv zavodlarımız var. Həmin sənaye şirkətləri ilə kəndlilərimiz arasında bir koordinasiya quraq. Bizim bölgədə mövcud ofisimizə bir nəfər əlavə şəxsi işə götürək. Bununla bir gəncimizə iş, məşğulluq imkanı yaranır. Həmin gənc nə edir? Deyək ki, Ağdaşın müəyyən bir ərazisində pambıq əkilib, o torpaqlar pambıq üçün əlverişlidir. Əyricilik zavodu ilə əlaqə saxlayır, zavodla pambıq əkilən ərazilərə toxum, hətta aqronom dəstəyi alır. Kəndli cibindən vəsait çıxarmadan pambıq əkə bilir. Yaxud deyək ki, pomidor əkilir. Tarla pomidoru 3-4 ay ərzində əldə edilə bilən bir məhsuldur. Kəndli bir hektarda bayaq gəliri barədə misallarla danışdığımız buğda əvəzinə pomidor əkərsə, hektardan 50 ton pomidor əldə etmək imkanı var. Amma kəndlinin o pomidoru əkmək imkanı məhduddur. Çünki 1 hektara pomidor əkmək üçün kəndli 3500-5000 manat investisiya qoymalıdır. Deyək ki, kəndlinin də mövcud vəziyyətdə buna imkanı çatmır. Amma bir sənaye şirkətinin, sənaye obyektinin buna imkanı var və kəndliyə toxum, aqronom dəstəyini verir. Kəndli bilir ki, 1 hektarda nə qədər tərəvəz yetişdirə bilsə, öncədən protokolla razılaşdırılan qiymətlə həmin sənaye obyektinə satacaq. Kəndli bilir ki, bu sahə özünündür, özü əkib-becərəcək, dəstək aldığı sənaye obyektindən də məhsulunun satılmasına dair qarantiya almış olur. Kəndlinin satdığı məhsuldan da əkindən öncədən verilən dəstəyin qiyməti çıxılandan sonra ona 7-9 min manat gəlir qalır. Yəni kəndli eyni 1 hektar ərazidə buğda əkəndə 600-100 manat, pomidor əkəndə 7-9 min manat gəlir əldə edir.

Platformamızda vədlərimiz çoxdur, vaxtınızı çox almaq istəmirəm. Bir təməl prinsipimiz var ki, vədlərimiz etik, yerinə yetirə biləcəyimiz sözlər olmalıdır. Həm də bu layihələrin heç bir dövlətimizin üzərində yük olmamalıdır. Dövlətimizin resurslarını istifadə etməklə layihəni hamı həyata keçirər. Əsas qabiliyyət dövlət resurslarından istifadə etməməklə, iqtisadi potensialımızı görüb, regionumuzun iqtisadi potensialından istifadə etməklə bu həyata keçirməkdir. Yəni var olan bir dəyəri yaratmaqdır. Bunu edə bilsək, o zaman faydamız dəyər.

İki məqamı da qeyd etmək istərdim. Birincisi, bizim “Ən yaxşı müəllimdən öyrən!” layihəmiz var. Niyə bu layihəni öncədən qeyd etmədim. Əslində bu layihənin bu seçkiyə dəxli yoxdur. Yəni seçkinin nəticəsindən asılı olmayaraq həmin layihəni həyata keçirəcəyik. Biz o layihəyə keçən ilin sentyabr ayından başlamışıq. Dünyada bu sahədə təcrübələr çoxdur, Azərbaycana tətbiq etmək istəyirik. Bizim qocaman, təcrübəli müəllimlərimizi ölümsüzləşdirmək istəyirik. Göyçaydan rəhmətlik Məzahir müəllim də indi yaşasaydı, onun dərslərini bu layihədə qeyd edə bilsəydik, çox möhtəşəm olardı. Amma ən azından əlimizdəki dəyərlərin, müəllimlərimizin dəyərini bilək. Azərbaycanın regionlarda, kəndlərdə olan ən güclü, savadlı müəllimlərimizi bu layihəyə cəlb etmək istəyirik. Layihənin məğzi çox sadədədir. Ömrümüzün sonuna qədər borclu olduğumuz qocaman, təcrübəli müəllimlərimizi layihəyə cəlb etməklə bizim dərsliklərdə olan mövzuların qısa videoçəkilişlərini hazırlayıb bir arxiv halına gətirmək və bunu internet məkanında bütün məktəblərlə bölüşmək istəyirik. Məqsədimiz hər bir məktəblinin bundan istifadə edə bilməsinə imkan yaratmaqdır. Bu gün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanına hazırlaşan abituriyentlərimiz kənd sakinidirsə, o kəndin imkanları ilə məhdudlaşır. Ola bilər ki, kənddə riyaziyyat müəllimi güclüdür, amma fizika müəllimi zəifdir. O uşaq arzulayır ki, rayonda başqa bir fizika müəllimi var, onun yanında hazırlığa getsin. Amma həmin müəllimin yanına getməyə vaxt, maddi imkan çatmır. Yaxud müəllimələrin hamısı əlçatan olsa belə, müəyyən dərslərə hazırlaşmaq ailələrin büdcəsinə çox ciddi yük olur. Az gəlirli ailələrin övladları kifayət qədər hazırlaşa bilmədiyi üçün dərslərdə geri qalırlar. Biz bu layihədə çalışacağıq ki, bütün balalarımızın hamısına ən yaxşı müəllimdən özəl dərs ala bilmək imkanını təmin etmiş olaq. Yəni günün istənilən saatı internetdə açaraq həmin müəllimin dərsinə baxa bilmək imkanı olsun. Bu, məktəblərdə şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsinə də kömək olacaq və abituriyentlərin imtahanının nəticələrinə də öz müsbət təsirini göstərəcək.

Son təklifimizə gəlincə, bölgən aqrar, kənd təsərrüfatı bölgəsi olduğu üçün ən çox ehtiyac duyulan kadrlardan biri də kənd təsərrüfatı kadrlarıdır. Vədlərimiz də demişik ki, Kənd Təsərrüfatı Texnikumu və ya ərazidə mövcud olan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin nəzdində kənd təsərrüfatı ilə bağlı fakültələrin açılması üçün əlaqədar qurum və təşkilatlarla iş aparacağıq. Bunun üçün Təhsil Nazirliyinə, yaxud kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcək, onların dəstəyini almağa çalışacağıq. Yəni Göyçayın özündə zootexniklər, aqronomlar, mexanizatorlar yetişdirilməsi üçün əlavə fakültələr açılsın.

Sonda bütün xalqımızı Prezidentimizin, dövlətimizin səsinə səs verməyə çağırıram. Hamını çağırıram ki, fevralın 9-da keçiriləcək parlament seçkilərinlə aktiv iştirak etsin və Prezidentimizin də qeyd etdiyi kimi xalqımız öz deputatlarını seçsin. Bütün namizədlərə, həmçinin rəqiblərimə də uğurlar arzulayıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR