®Daha güclü Azərbaycan naminə!

®Daha güclü Azərbaycan naminə!
# 07 fevral 2020 17:41 (UTC +04:00)

Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Hörmətli seçicilər,

Bütün demokratik sistemlərdə seçki dövlət və ictimai təşkilatlarda vacib vəzifələrin tutulması üçün keçirilən demokratik üsuldur və dünya təcrübəsində qanunda nəzərdə tutulan reqlamentə uyğun olaraq əsasən gizli keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əası qoyulmuş demokratik və mütərəqqi seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə tənzimlənir.

Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasında ilk konstitusiyanın qəbul olunduğu 1995-ci ildən bugünədək beş prezident (1998, 2003, 2008, 2013 və 2018), beş parlament (1995, 2000, 2005, 2010 və 2015), beş bələdiyyə (1999, 2004, 2009, 2014 və 2019) seçkiləri keçirilmişdir. Sevindirici hal ondan ibarətdi ki, ölkəmizdə keçirilən hər bir seçki demokratiya yolunda irəliyə atılmış mühüm bir addım kimi qiymətləndirilmişdir. Bu dövr ərzində seçkilərin həm qanunverici, həm maddi-texniki bazası yüksək səviyyəyə qaldırılmış və bütün bu göstəricilər beynəlxalq ekspertlər tərəfindən müstəqil dəyərləndirilərək xüsusilə qeyd olunmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkəmizdə 2020-ci ili 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Məhz bütün bunların nəticəsidir ki, Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib. Seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq.

Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan hər kəs üçün açıq platformada seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan verir. Beləliklə, MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərə tam hazırdır. Səsvermə günü Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edə bilərlər.

Vaxtilə hər namizəd üçün 2000 imza toplamaq şərti mövcud idisə, hazırda qanun tələbi cəmi 450 imzaya endirilib. (Bax:Seçki Məcəlləsi maddə 147.1) Habelə, əgər seçki məcəlləsinin əvvəlki müddəalarına diqqət yetirsək, görərik ki, bir seçici yalnız bir namizəd lehinə imza verə bilərdisə, hazırda bu baxımdan heç bir məhdudiyyət yoxdur (Bax:Seçki Məcəlləsi maddə 147.2)

Belə ki, 60-dan artıq dairədə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsi ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. (Bax:Seçki Məcəlləsi maddə 148.6) Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olduqca geniş səlahiyyətlərə sahibdir. Belə ki, o seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki büllütünlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edərkən səs vermək,müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir. (Bax:Seçki Məcəlləsi maddə 22.9)

Eyni zamanda birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır (Bax:Seçki Məcəlləsi maddə 152.1). Nəzərə almaq lazımdır ki, bu şəxslər həm də dairə və məntəqələrdə müşahidəçilik missiyasını da yerinə yetirə bilərlər. Müşahidəçilərin isə qanunvericiliyə görə olduqca mühüm səlahiyyətləri vardır: seçki günü istediyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçici siyahıları ilə tanış olmaq, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək, seçki qutusundan çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinə dair rəyin seçki komissiyasının protokuna əlavə olunmasını tələb etmək və s. (Bax:Seçki Məcəlləsi maddə 40-44).

Seçki Məcəlləsi seçkiqabağı təşviqatın aparılması üçün bütün namizəd siyasi partiya və siyasi partiya blokları üçün bərabər şərtlər təsbit etmişdir. Belə ki, bütün tərəflər üçün müvafiq icra hakimiyyəti orqanı seçki dairəsi ərazisində birbaşa təbliğat-təşviqatın həyata keçirilməsi üçün açıq və qapalı məkanlar ayırır. Eyni zamanda birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtı ayrılır (Bax:Seçki Məcəlləsi maddə 80). Habelə, dövlət qəzetlərində təşviqat xarakterli pulsuz elanlar verilə bilər (Bax:Seçki Məcəlləsi maddə 77.2).

Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə (prezident, parlament, bələdiyyə) seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır. Zənnimcə, ölkənin radikal müxalifətini seçkilərdə iştirakdan çəkindirən ən vacib amil şübhəsiz ki, qanunverici baza deyil. Əsl çəkindirici amil ənənəvi müxalifətin getdikcə marginallaşması, bunun da məntiqi nəticəsi olaraq, ilk növbədə eloktratın getdikcə zəifləməsi və nəhayət xalqa deməyə sözünün olmamasıdır.

Məhz yaradılmış əlverişli ictimai-siyasi mühit, sağlam, demokratik və plüralist rəqabət şəraitinin mövcudluğunun nəticəsidir ki, Milli Məclisdəki 125 deputat yeri uğrunda 2431 nəfər müraciət etmiş, onlardan 1542 nəfəri rəsmi namizəd kimi qeydə alınmışdır.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bütün yuxarıda sadaladığımız seçkilərdə parlaq qələbələr qazanmış, seçki təcrübəsini artırmış və cəmiyyətdəki avanqard siyasi güc mərkəzi olduğunu dəfələrlə təsdiq etmişdir. 2020-ci ilin 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə də YAP cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən və gendir prinsipləri də nəzərə alınmaqla 123 namizəd irəli sürmüşdür. Həmçinin, İdarə Heyətinin və İcra Katibliyinin təlimatları əsasında partiya rayon (şəhər) təşkilatları orada yaşayan nüfuzlu ziyalılardan və YAP fəallarından ibarət hər birində 10 nəfər olmaqla, seçki qərargahları formalaşdırmışdır ki, bu da ümumrespublika üzrə 12 min nəfərdən artıq insanı əhatə edir. Habelə, partiyanın Gənclər Birliyi və Qadınlar Şurası 10 minlərlə könüllünü səfərbər edərək, seçki prosesinin bütün mərhələlərində aktiv şəkildə iştirak edir. Bunun nəticəsidir ki, seçki prosesinin bütün sənədləşdirmə və imzatoplama mərhələləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. Təbliğat-təşviqat mərhələsində partiyanın namizədləri “Daha güclü Azərbaycan naminə!” şüarı altında yüz minlərlə seçicini əhatə edən çoxsaylı görüşlər keçirmiş, vətəndaşları narahat edən problemləri və onların həlli yollarını geniş və hərtərəfli müzakirə etmişdir.

Ümumilikdə ölkəmizdə həyata keçirilən və gələcəkdə həyata keçiriləcək bütün bu siyasəti qısaca aşağıdakı tezislər formasında ümumləşdirmək olar:

Görülmüş işlər

- Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasına çıxıb;

- Vətəndaşların hüquq və azadlıqları qorunub;

- Sosial rifah yaxşılaşıb (əməkhaqları, pensiyalar və müavinətlər artırılıb);

- Qeyri-neft sektoru inkişaf edib;

- Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları yerinə yetirilib;

- Aqrar sahə inkişaf etdirilib (yüzminlərlə yeni iş yerləri açılıb və yerli biznes inkişaf edib);

- Ölkədə idarəetmə sistemi təkmilləşdirilib (struktur islahatları aparılıb, texniki imkanlar genişlənib, şəffaflıq artıb);

- Uğurlu xarici siyasıt həyata keçirilib;

- Hərbi gücümüz daha da möhkəmlənib (2016-cı ilin aprel döyüşləri);

- Mədəniyyət, incəsənət və idman sahələrində böyük uğurlar qazanılıb.

Görüləcək işlər

- Vətəndaşların hüquq və azadlıqları bundan sonra da yüksək səviyyədə təmin ediləcək;

- İqtisadiyyatımız hərtərəfli inkişaf edəcək (sahibkarlara dəstək siyasəti);

- Uğurlu sosial siyasət davam etdiriləcək;

-Təhsilin səviyyəsi daha da artırılacaq;

- İcbari tibbi sığorta tətbiq ediləcək;

- Əhalinin xüsusilə aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq;

- Ərazi bütövlüyümüzün bərpası istiqamətində fəaliyyət daha da gücləndiriləcək (ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti daha da artırılacaq);

- Dövlət gənclər siyasəti uğurla davam etdiriləcək;

- Dünya enerji təhlükəsizliyində Azərbaycanın rolu artırılacaq (neft gəlirləri digər sahələrin inkişafına yönəldiləcək);

- Ölkəmizin beynəlxal birlikdə nüfuzu daha da artırılacaq (Azərbaycan həqiqətləri dünyaya çatdırılacaq).

Ümumiyyətlə, YAP namizədlərinin təbliğat-təşviqat prosesindəki əsas istinad mənbəyi heç şübhəsiz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən əzəmətli inkişaf strategiyası, nəhəng miqyaslı quruculuq-abadlıq işləri, uğurla tətbiq olunan və elmi əsaslara söykənən sosial rihaf konsepsiyasi, Azərbaycanın durmadan artan beynəlxaq nüfuzu və hərbi qüdrəti olmuşdur. Habelə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə ictimai həyatın bütün sahələrində göstərdiyi titanik faəliyyət, hər bir Azərbaycan vətəndaşının qəlbində və seçici iradəsində misilsiz pozitiv izlər buraxmışdır. Qarşıda isə daha geniş miqyaslı vəzifələr və milli tərəqqimiz üçün tarixi missiyalar dayanır.

Hörmətli seçici,

Sizləri 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin parlaq Yolunun davamına;

Görkəmli dövlət xadimi, bütün dünyada qurucu və islahatçı dövlət başçısı kimi şöhrət əldə edən, ölkəmizə dünya miqyasında misli görünməmiş nüfuz qazandırmış, daha güclü və zəngin Azərbaycanın qurucusu möhtərəm Prezidentimiz İlham Əliyevin ardıcıl inkişaf və islahatlar kursunun davamına;

Azərbaycan xalqı üçün çox böyük bir dəyər olan, milli və bəşəri mədəni irsin qoruyucusu, bütün dünyada zəiflərin hamisi, vətən qazilərinin, şəhid ailələrinin, məcburi köçkün və qaçqınların ən böyük himayədarı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini Mehriban xanım Əliyevanın yüksək humanizm siyasətinin davamına;

Deməli, Yeni Azərbaycan Partiyasının namizədlərinə səsə verməyə çağırıram!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR