“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
# 25 may 2019 08:39 (UTC +04:00)

2019-cu ilin may ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən ONA-ya verilən məlumata görə, tərbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokuror general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisinin deputatları - Aydın Mirzəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev öz çıxışlarında muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması xüsusi qeyd edib.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqillik illərində - 15 mart 1996-cı il tarixdə ümummilli lider Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilməsi bildirilib.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunub, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərəfindən təqdim edilib.

Müzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub.

Növbəti lövhədə Azərbaycan ziyalıların məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnməsi barədə aktların və arayışların surətləri nümayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təəbəsi olan azərbaycanlıların respublikadan çıxarılması haqqında sənədlərinin surətləri də yerləşdirilib.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR