“Tuskun Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın inkişafına böyük fayda verəcək” - MÖVQE

“Tuskun Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın inkişafına böyük fayda verəcək” - MÖVQE
# 10 iyul 2019 17:42 (UTC +04:00)

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Avropa İttifaqı müansibətlərinin davamlı inkişafının göstəricisidir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir, bu qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Aİ məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan ölkə kimi tanınır. Həmçinin, Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəm kəsb edir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töhfələri böyükdür”.

Deputat deyib ki, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır: "Hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycanla Aİ arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq. Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması, həmçinin, enerji təhlükəsizliyinə vacib töhfələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımları və əldə etdiyi nailiyyətləri baxımından Azərbaycanla əlaqələrin inkişafı Aİ üçün də mühüm əhəmiyyət kəsb edir, quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatı da bunu bir daha təsdiq edir”.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi həmsədrinin müavini, deputat Kamran Bayramov isə APA-ya deyib ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri Azərbaycan-Aİ münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir: “Bu səfərlə bir daha təsdiq olundu ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Təkcə onu xatırlatmaq yetər ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə Avropa İttifaqı ilk gündən dəstək verib, Azərbaycanla strateji tərəfdaşlığı, ticarət əlaqələrini davam etdirməkdə maraqlıdır. Eyni zamanda Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir".

Deputat vurğulayıb ki, Azərbaycanın yürütdüyü xarici siyasətin məzmunu siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir: "Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

O bildirib ki, Azərbaycanın apardığı xarici siyasət Aİ-nin maraq dairəsindədir: “Düşünürəm ki, bu görüş Azərbaycan üçün böyük hadisədir. Tuskun Azərbaycana gəlişi əməkdaşlığımızın çox yüksək olduğunu göstərir. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafına da böyük fayda verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR