Əli Əhmədov BMT Baş katibinin müavinini Bakıya rəsmi səfərə dəvət edib

Əli Əhmədov BMT Baş katibinin müavinini Bakıya rəsmi səfərə dəvət edib
# 16 iyul 2019 10:31 (UTC +04:00)

Baş nazirin müavini, Dayanılı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfəri çərçivəsində BMT Baş katibinin birinci müavini Amina Mohammedlə görüşüb.

APA-nın məlumatına görə, görüş zamanı Ə.Əhmədov qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən, habelə beynəlxalq tərəfdaşlığa əhəmiyyət verən ölkə olaraq, Azərbaycanın qarşıdakı illərdə də bu cür əməkdaşlıq əlaqələrinin yaradılmasını və möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdiyini bildirib.

1992-ci ildə BMT-yə üzv olduqdan sonra BMT-nin müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Baş Nazirin müavini Azərbaycanın “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb.

Azərbaycan Respublikasının Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübəyə istinad edərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı diqqətə çatdırılıb.

Ə. Əhmədov bildirib ki, bütün tərəfdaşlar DİM-lərin ölkə üçün uyğunluğunu qəbul edirlər. “Bütün dövlət qurumları DİM-lərin öz fəaliyyət istiqamət və siyasətlərinə inteqrasiya olunmasına dəstək göstərməyə hazırdır. Bu baxımdan Hökumət milli prioritetlərə uyğunlaşdırılmış DİM-lərə nail olunması üzrə əlaqələndirici qismində çıxış etməklə, bütün maraqlı tərəfdaşların Gündəliyin səmərəli icrasına yönəldilmiş təşəbbüslərinə əhatəli dəstəyi təmin edəcək. Eyni zamanda, yeni Azərbaycan 2030 strategiyasının hazırlanması və DİM-lərin bu strategiyaya inteqrasiyası nəzərdə tutulub”.

Ə. Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi məlum qətnamələrin indiyədək yerinə yetirilmədiyi diqqətə çatdırıb.

BMT Baş Katibinin birinci müavini Amina Mohammed Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə Qurumunun yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu yüksək qiymətləndirdiyini və DİM-lərin ümumilikdə icrası yönündə ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğunu bildirib.

Bununla yanaşı, dayanıqlı inkişafa nail olunmasında sülh və sülhpərvər institutların yaradılmasının əhəmiyyətini vurğulayan baş katibin müavini Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb.

Sonda Əli Əhmədov 2020-ci ildə keçirilməsi planlaşdırılan “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu”nda iştirak etmək üçün Baş katibin müavinini Bakıya rəsmi səfərə dəvət edib və Amina Mohammed bunu müsbət qarşılayıb və dəvət təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR