Əli Əhmədov: “Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın ifadəsi idi”

Əli Əhmədov: “Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın ifadəsi idi”
# 06 iyul 2019 12:52 (UTC +04:00)

“Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, o zaman sovetlər birliyində yaranmış ənənəyə görə, xüsusi bir partiya elitası formalaşıb: “Respublikalara və bütövlükdə sovetlər ittifaqına rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sferalardan, digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəsinə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Sonradan bu praktika sovetlər birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevardnadze də ölkəsində rəhbər vəzifəsinə gətirildi”. O deyib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin çox böyük inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi: “Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi. Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həll olunması üçün, Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin yerin yetirdiyi tarixi missiya oldu. Bununla yanaşı Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial iqtisadiyyatın, milli dövlətçiliyin, həyatımızın bütün sferalarını təşkil edirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR