Elmar Məmmədyarov: "Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadi əməkdaşlığın inkişafına diqqət yetiriləcək"

Elmar Məmmədyarov: "Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadi əməkdaşlığın inkişafına diqqət yetiriləcək"
# 14 oktyabr 2019 15:26 (UTC +04:00)

"Azərbaycanın Türk Şurasına sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək".

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında çıxışı zamanı deyib.

"Prioritet sahələri əhatə edən, detallı və praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir" deyən E.Məmmədyarov bildirib ki, əməkdaşlığın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığı möhkəmləndirəcək və gücləndirəcək. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir və qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır.

Nazir deyib ki, ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir: "Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir.

Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir. Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək".

E.Məmmədyarov bildirib ki, bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılmasını alqışlayır: "Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, Nümayəndəlik Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaq".

Türk Şurası üzv dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edən nazir deyib ki, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyətinin bölgəmizdə humanitar səylər göstərməsində böyük əhəmiyyəti var: "Bu baxımdan, 2019-cu ilin 11 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv dövlətlərin rəsmi inkişaf agentliklərinin, o cümlədən Türk Şurası, BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların iştirakı ilə "Türkdilli Dövlətlərin Rəsmi İnkişaf Agentliklərinin Beynəlxalq Yardım Sisteminə inteqrasiyasının təşviqi: Səmərəli Humanitar Yardım və İnkişaf Yardımı üçün Əməkdaşlıq" Konfransı keçirildi.

Bu tədbir iştirakçı ölkələrə və beynəlxalq təşkilatlara effektiv qlobal və regional yardım üçün əvəzolunmaz təcrübələrini bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı verdi. Şadam ki, 7-ci Sammitin Bəyannaməsi konfransdan bəhs edir və üzv dövlətlərin donor qurumlarının qlobal yardım sisteminə inteqrasiyasını asanlaşdırmaq üçün əhəmiyyətini vurğulayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR